Dağıstan rəhbəri Xaçmaza gedib
06 Yanvar 2011 Cümə Axşamı 13:20
Maqomedsalam Maqomedovu şəhər rəsmiləri qarşılayıblar
Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Maqomedsalam Maqomedovun Azərbaycana qeyri-rəsmi səfəri davam edir. O bu gün Qəbələdən Xaçmaz şəhərinə gedib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, onun helikopteri saat 12:45 radələrində Xaçmaz şəhərindəki modul stansiyaya enib.

Prezidenti rayonun icra başçısı Şəmsəddin Xanbabayev, hüquq-mühafizə orqanlarının rəhbərləri qarşılayıblar. İki ölkənin dövlət rəsmiləri bu gün Heydər Əliyevin və Dağıstan-Azərbaycan münasibətlərinin inkişafında xüsusi xidmətləri olmuş Əziz Əliyevin Xaçmazdakı abidələrini ziyarət edəcəklər. Bundan sonra onların rayondakı İlham bulağı, tikintisi davam edən Heydər bulağı, Qala kompleksi, Heydər Əliyev muzeyi, eləcə də Şəxsiyyətlər və Dostluq muzeylərini ziyarət edəcəyi gözlənilir.

Qeyd edək ki, Maqomedsalam Maqomedovu müşayiət edənlər arasında Dərbənd İcra Hakimiyyətinin başçısı Qurban Qurbanov, Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Maqomed Qurbanov və sairələri var.

Ziyarətdən sonra Xaçmazdakı istirahət mərkəzlərinin birində qonaqların şərəfinə dostluq ziyafəti veriləcək.
Daha sonra Dağıstan prezidentinin Qusarın Rusiya-Azərbaycan sərhədində yerləşən Samur keçid məntəqəsindən Dağıstana gedəcəyi gözlənilir.

Qeyd edək ki, Rusiya prezidenti Dmitri Medvedev ötən il dekabr ayının sonlarında Federasiya subyektləri rəhbərlərinə özlərini prezident adlandırmağı qadağan edən qanun imzalayıb. Qanun 2010-cu il 21 dekabr tarixində Dövlət Duması tərəfindən qəbul olunub və dekabrın 24-də Federasiya şurası sənədi təsdiq edib. Müvafiq dəyişiklik “Rusiya Federasiyası subyektlərinin dövlət hakimiyyəti qanunverici və icra orqanlarının ümumi prinsipləri haqqında” federal qanunun 18-ci maddəsinə daxil edilib.

Qanuna əsasən, indi subyekt prezidentləri “başçı”, “rəhbər”, “hökumət rəhbəri” və s. adlandırılacaqlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar