Çörək sexlərində yoxlamalar aparılır
15 Dekabr 2010 Çərşənbə 17:00
Taxıl məhsullarının keyfiyyəti və təhlükəsizliyinə dövlət nəzarəti davam etdirilir
Taxıl məhsullarının keyfiyyəti və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Səfərov küçəsi, 72 ünvanında Süleyman Adıgözəlova məxsus sexdə çörəyin istehsalı və satışının qanunauyğunluğu yoxlanılıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yoxlama zamanı müəssisədə antisanitariya şəraitinin hökm sürdüyü, yeyinti məhsullarının istehsalı üçün müvafiq şəraitin olmadığı, istehsal edilən məhsulların dövri laborator müayinəsinin aparılmadığı müəyyən olunub.

Bundan başqa, müəssisədə istehsal edilmiş dairəvi çörəklərdən nümunələr götürülərək laborator müayinəyə göndərilib. Götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində müəssisədə istehsal edilmiş dairəvi çörəklərin turşuluğunun və məsaməliliyinin normadan az olduğu müəyyən edilib.

Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 116 ünvanında Elşad Quliyevə məxsus sexdə aparılan yoxlama zamanı isə çörəklərin gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi müəyyən edilib. Aşkar edilmiş qanun pozuntusu ilə əlaqədar, çörək istehsalı və satışının dayandırılması barədə Süleyman Adıgözəlova və Elşad Quliyevə icrası məcburi göstərişlər verilib.

Araşdırmalar davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar