Çingiz Mustafayev zirvəsinə yürüş başladı
24 İyul 2010 Şənbə 15:15
Çingiz Mustafayev zirvəsinə yürüş başladı. 11 nəfərdən ibarət qrup artıq yola düşüb.
Milli Qəhrəman Çingiz Mustafayevin 50 illik yubileyi əlaqədar 11 nəfərlik qrup Böyük Qafqaz dağının Tufandağ silsiləsində onun adını daşıyan zirvəyə yürüş təşkil edib. ANS PRESS-in məlumatına görə, aralarında ANS TV-nin 4 əməkdaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Hava və Ekstremal İdman Növləri Federasiyasının 7 üzvü olan qrup hazırda Tufandağ silsiləsinə olan yolu avtomobillə dəf edirlər.
Qrupda yer alan ANS TV-nin əməkdaşı İlqar Mikayıloğlunun sözlərinə görə, hündürlüyü 4062 metr olan Çingiz Mustafayev zirvəsinə piyada yürüş sabah sübh tezdən başlanacaq. Yürüşün 3-4 gün ərzində yekunlaşacağı gözlənilir.
Zirvə dəf edildikdən sonra qrup üzvləri ürək sözlərini yazdıqları kapsulaları torpağa basdıracaqlar.
Xatırladaq ki, Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynamağa başladığı rol Çingiz Mustafayevi islahatçı-novator lider simasında təqdim etməkdə idi.
Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz Mustafayev jurnalistikaya üz tutdu. O 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başladı. Ancaq yalnız Azərbaycan miqyasında fəlaiyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona gərə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yardılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.
Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsinn 1992-ci ilə qədər olan dövrünün əsil salnaməsini yaradıb. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O, cəbhədə bir əsgər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.
Və Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədə də həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi.
Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: