Cəlilabadda vəziyyət elə də faciəvi deyil
28 Fevral 2011 Bazar Ertəsi 12:36
"Hazırda “Daş kanalı” adlanan su kanalının bəndləri möhkəmləndirilir"
Cəlilabad rayonunun sel basan ərazilərində vəziyyət nəzarətdədir. Bu barədə Cəllabad Rayon Fövqəladə Hallar Komissiyasının sədri, rayon icra hakimiyyəti başçısının I müavini Asif Əzizov ANS PRESS-ə açıqlamasında bildirib.
Xatırladaq ki, son 1 həftə ərzində aramsız yağan qar və yağış rayonun dağ çaylarında suyun səviyyəsinin qalxmasına, düzənlik ərazidəki evlərin sel sularına məruz qalmasına səbəb olub. Rayonun Yeni Yaşayış massivi, o cümlədən Quşçuluk fabriki adlanan ərazisi, çökək yerlərdəki bir sıra evlər, 10 hektarlarla əkin sahəsi su içərisindədir.
A. Əzizovun sözlərinə görə, hazırda problemin aradan qaldırılması istiqamətində bir sıra işlər gedir.
“Cəlilabadda vəziyyət elə də faciəvi deyil. Uzun müddət yağan qar və yağış dünən gecə saatlarında dayanıb. Hazırda vəziyyət nəzarətdədir. Hadisə yerində Fövqəlada Hallar Komissiyasının əməkdaşları çalışır. Bundan əlavə əraziyə texnika və işçi qüvvəsi gətirilib".
FHK rəsmisinin sözlərinə görə, “Daş kanalı” su kanalında suyun səviyyəsi 1 metrdən çox aşağı düşüb:
"Hazırda “Daş kanalı” adlanan su kanalının bəndləri möhkəmləndirilir. Bəndlər qum dolu kisələrlə hasarlanır".
"Hazırda rayona elektrik enerjisi və qazın verilməsində heç bir problem yaşanmır. Təbii haldır ki, kiminsə evində su qala bilər. Biz də çalışırıq ki, problemləri həll edək”, - deyə Asif Əzizov əlavə edib.
DOSTLARINLA PAYLAŞ: