Çağırışa gedən tibbi heyət döyülüb
25 Noyabr 2010 Cümə Axşamı 11:55
Bakı. Hafiz Heydərov – APA. Bakıda Təcilli Tibbi Yardım Stansiyasının həkimləri döyülüb. Bu barədə APA-ya Yasamal Rayon Polis İdarəsindən bildirilib.
Hadisə noyabrın 21-də baş verib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Yasamal rayonu Fuad İbrahimbəyov küçəsi, ev 19/21 ünvanında fəaliyyət göstərən 8 saylı Köməkçi Yardım Stansiyasına Çingiz Mustafayev küçəsi, ev 19 ünvanından çağırış gəlib. Lakin göstərilən ünvana gedən həkimlərlə çağırış verən şəxs arasında mübahisə düşüb. Nəticədə həmin şəxs həkim kollektivi qarşısında stansiyanın Anestezioloji Reanimatoloji briqadasının həkimi Bəxtiyar Əsgərov və feldşer Təranə Hüseynovanı amansızlıqla döyərək təqdir edib. Hadisə yerinə polis çağırıldığını görən naməlum şəxs ərazidən uzaqlaşıb.
Hadisə barədə dərhal Yasamal Rayon Polis İdarəsinə, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa məlumat verilib. Araşdırmalar nəticəsində hadisənin Yasamal sakini Ceyhun Ağayev tərəfindən törədildiyi məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: