Bulvarda bulaqlar qoyulacaq
03 Mart 2011 Cümə Axşamı 16:31
Bulvarda bulaqlar qoyulacaq. "Dinamo" İdman Kompleksinin yerində bayram konsertlərinin keçirilməsi üçün yer ayırılıb.
Milli Parkın yenidən qurulması işləri davam edir. Paytaxt əhalisinin əsas gəzinti məkanlarından olan Milli Parka yeni kaktuslar gətirilib. Avropadan gətirilən kaktuslar üçün Dənizkənarı Milli Parkın ərazisində xüsusi yer ayrılıb. Hələlik örtüklərə bürünən kaktusların bu iqlimə uyğunlaşmaları üçün onlara ciddi nəzarət olunur. Artıq bu yaşıl bitkilər bulvara gələn insanların marağını da cəlb edə bilib.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, ağaclar soyuğa davamlı olsalar da, bizim iqlimə öyrəşməlidir. Gətirilən kaktuslar bir neçə növdür. N.Məcidov hələlik kaktusların əkilməsinin bulvarın müəyyən bir ərazisində nəzərdə tutulduğunu deyib. Amma gələcəkdə Milli Parkın digər istiqamətlərində də onların əkilməsi istisna olunmur.

Bulvar ərazisində Avropadan yeni gətirilən zeytun ağacı da qeyri-adi görkəmi ilə hər kəsi valeh edib. Gövdəsindən yaşının çox olduğu bəlli olan bu ağac yeni əkildiyi üçün digər ağaclara iplər vasitəsilə bərkidilib.

Daha bir yenilik isə bulvarın əzrazisində bulaqların qoyulmasıdır. Rəis müavinin sözlərinə görə, insanların içməli suya olan ehtiyacanı təmin etməkdən üçün bu il 8 bulaq quraşdırılacaq. “Əgər ehtiyac yaransa, yenə də quraşdırılacaqlar”. Əhalini 24 saat “Şollar” suyu ilə təmin edəcək bulaqlardan biri artıq istifadəyə verilib.

Milli Parkın yenilikləri bununla yekunlaşmır. Belə ki, bundan sonra Dənizkənarı Milli Parkın ərazisində bayram konsertləri və kütləvi tədbirlər yeni məkanda keçiriləcək. Yeni məkan isə bir müddət əvvəl sökülən “Dinamo” İdman Kompleksinin yerində olacaq.

Yeni konsert məkanında aparılan təmir işlərinin 10 günə bitməsi nəzərdə tutulub. Deməli, Novruz bayramına həsr olunan tədbirlərin məhz bu məkanda baş tutması da mümkündür. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar