Bu qışın necə keçəcək?
03 Dekabr 2010 Cümə 16:25
Qış dövrünün iqlim şəraiti barədə Serbyanın paytaxtı Belqradda Cənub Şərqi Avropa, Qafqaz ölkələri və Türkiyə üzrə keçirilən forumda bu ölkələrdə qış fəslinin – dekabr, yanvar, fevral aylarının necə keçəcəyi ilə bağlı proqnoz verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Sahib Xəlilov APA-ya açıqlamasında bildirib ki, forumda 14 ölkənin - Albaniya, Azərbaycan, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Gürcüstan, Yunanıstan, Makedoniya, İsrail, Moldova, Monteneqro, Çernoqoriya, Rumıniya, Serbiya və Türkiyənin Milli Meteorologiya və Hidrologiya xidmətləri iştirak edib.

Forumda modellər əsasında uzunmüddətli proqnoz xarakterli məlumat hazırlayan bir neçə regional meteorologiya mərkəzi müəyyənləşdirilib və onlardan alınan məlumatlara, eyni zamanda Fransa, Rusiya, Almaniyanın Meteorologiya xidmətləri, Avropa Ortamüddətli Proqnozlar Mərkəzi, ABŞ-ın Proqnozlar Mərkəzinin gəldiyi nəticələrə baxılıb: “Bu nəticələrdə əsasən, Avropa ölkələrində builki qışın 1 dərəcəyə qədər soyuq keçəcəyi gözlənilir. Azərbaycanın qonşusu Türkiyədə də qışın bir qədər soyuq keçəcəyi proqnozlaşdırılır. Amma Qafqaz regionu, o cümlədən Azərbaycanda temperatur normaya yaxın və ola bilsin ki, bir qədər aşağı olsun. Yağıntıların isə normadan bir qədər çox olacağı gözlənilir. Amma Türkiyədə, Balkanda yağıntıların normadan bir qədər az olacağı proqnozlaşdırılır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar