Bu gün parlament seçkilərinin nəticələrinə baxılacaq
26 Noyabr 2010 Cümə 02:00
Məhkəmənin yekun rəyindən sonra Milli Məclisə seçkilərin nəticələri qüvvəyə minəcək
Bu gün Konstitusiya Məhkəməsində Milli Məclisə seçkinin nəticələrinin yoxlanılması və təsdiqlənməsi məsələsinə baxılacaq. Bu prosedur Konstitusiyanın 86-cı maddəsinə uyğun həyata keçirilir. Məhkəmənin qərarından sonra noyabrın 7-də keçirilmiş parlament seçkilərinin nəticələri qüvvəyə minmiş hesab olunacaq.
Xatırladaq ki, parlament seçkilərində seçicilərin 50,14 faizi (2480205 seçici) iştirak edib. Mandat uğrunda 690 namizəd mübarizə aparıb. MSK seçkilərin ilkin nəticələrini təsdiqləyib və Konstitusiya Məhkəməsinə göndərib. Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilib. MSK-nın təsdiqlədiyi nəticələrə görə, hakim YAP parlament seçkilərinin mütləq qalibi olub və Milli Məclisin növbəti çağırışında 72 yer qazanıb. Bundan başqa, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Böyük Quruluş, Ümid, Demokratik İslahat, Sosial Rifah, Ədalət, Vətəndaş Birliyi, Ədalət, və Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyaları, eləcə də Milli Dirçəliş Hərəkatı parlamentdə təmsil olunmaq hüququ qazanıb. Seçkilərin qalibləri arasında 41 nəfər bitərəf də var.
DOSTLARINLA PAYLAŞ: