Bu gün MSK-nın yeni tərkibi formalaşdırılacaq
22 Fevral 2011 Çərşənbə Axşamı 03:41
Milli Məclisin müxakirəsinə çıxarılacaq 18 nəfərlik siyahı məlumdur
Bu gün Milli Məclisin (MM) növbəti iclası keçiriləcək. İclasda İnzibati Xətalar məcəlləsinə (İXM) əlavə və dəyişiklik, Gömrük Məcəlləsi və digər məsələlər müzakirə olunacaq.
Mərkəzi Seçki Komissiyasının (MSK) yenidən formalaşdırılması da müzakirə ediləcək məsələlər sırasındadır. Artıq MSK üzvlüyünə namizədlərin siyahısı, onların tərcümeyi-halı da daxil olmaqla məlumatlar parlament üzvlərinə təqdim olunub. 18 nəfərlik siyahıda bu şəxslərin adları yer alıb: Məzahir Pənahov, Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova və Qabil Orucov (hamısı YAP), Mikayıl Rəhimli (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası), Almas Qəhrəmanlı (Vətəndaş Həmrəyliyi Partiyası), Akif Qurbanov (Ümid Partiyası), Tamam Cəfərli (Demokratik İslahatlar Partiyası), Bəxşeyiş Əsgərov (Böyük Quruluş Partiyası), Etibar Quliyev (Ana Vətən Partiyası), Natiq Məmmədov, Azər Tağıyev, Arifə Muxtarova, İlham Məmmədov, Nizami Nadirov və Tofiq Həsənov (siyasi partiya mənsubiyyəti olmayan deputatların MSK-ya namizədləri. Bunlardan Natiq Məmmədovun namizədliyi hakim Yeni Azərbaycan Partiyası, Arifə Muxtarovanın namizədliyi isə Milli Məclisdə azlıq təşkil edən partiyaların nümayəndələri ilə razılaşdırılıb).
Namizədliyi Ədalət Partiyasından irəli sürülən Elxan Şükürlü siyahıda yoxdur. Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov “Media forum” saytına açıqlamasında bildirib ki, Elxan Şükürlünün adının siyahıya salınmamasının səbəbi onlara məlum deyil: “Biz öz hüququmuzdan istifadə edib MSK üzvlüyünə namizəd irəli sürmüşük. Lakin onu MSK üzvlüyünə namizədlər siyahısına salmayıblar. Biz heç bir partiya ilə bu məsələni müzakirə edib birgə namizəd irəli sürməmişik”. Millət vəkilinin sözlərinə görə, Ədalət Partiyasının MSK-dakı yeri Ana Vətən Partiyasına verilib: “Biz bununla razı deyilik və etirazımızı bildirəcəyik”.
DOSTLARINLA PAYLAŞ: