Bu gün görkəmli azərbaycanlı neftçi-alimin 81 yaşı tamam olur
14 Yanvar 2011 Cümə 10:05
ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin doğum günüdür.
Bu gün görkəmli neftçi-alim, Azərbaycan SSR dövlət mükafatları laureatı, SSRİ-nin fəxri neftçisi, Azərbaycan Respublikasının əməkdar mühəndisi, geologiya-mineralogiya elmləri doktoru, akademik, Azərbaycan Dövlət Neft Şirkətinin Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin doğum günüdür. ARDNŞ-in birinci vitse-prezidentinin 81 yaşı tamam olur.

Bu münasibətlə ANS Şirkətlər Qrupunun bütün kollektivi görkəmli alimi təbrik edir, ona möhkəm can sağlamlığı və yeni uğurlar arzulayır.

Qeyd edək ki, Xoşbəxt Bağı oğlu Yusifzadə 1930-cu il yanvarın 14-də Bakıda anadan olub. 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirib. Mühəndis-geoloqdur. 1952-ci ildə “Neft daşları” NQÇİ-də geoloq, baş geoloq, 1970-ci ildən Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində baş direktorun müavini, eyni zamanda baş geoloq vəzifələrində işləyib. 1994-cü ildən Azərbaycan Respubliası Dövlət Neft Şirkətinin vitse-prezidentidir.

Ölkəmizdə zəngin neft-qaz yataqlarının kəşf edilməsi və işlənməsində, neft sənayesi və elminin inkişafında, Xəzər dənizindəki genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla həyata keçirilməsində Xoşbəxt Yusifzadənin böyük xidmətləri var. Xəzər dənizinin Azərbaycan sektorunda onun rəhbərliyi və bilavasitə iştirakı ilə 20 neft və qaz-kondensat yatağı - "Bahar", "Günəşli", "Azəri", "Çıraq", "Kəpəz" və digər yataqlar kəşf edilib.

127 elmi əsərin, o cümlədən 8 monoqrafiyanın, 4 ixtiranın müəllifidir. İki “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri, 1982 və 1991-ci illərdə Azərbaycan Respublikasının Dövlət mükafatları alıb, medallar və fəxri fərmanlarla təltif edilib. “SSRİ-nin fəxri neftçisi”, “Yer təkinin fəxri kəşfiyyatçısı adlarına layiq görülüb. Azərbaycan Respublikasını Əməkdar mühəndisidir”. Prezident İlham Əliyev Azərbaycanda neft sənayesinin və elminin inkişafında böyük xidmətlərinə görə Xoşbəxt Yusifzadəni “Şərəf” ordeni ilə təltif edib.

AMEA-nın və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü, Beynəlxalq Şərq Neft Akademiyasının akademiki və birinci vitse-prezidenti, Rusiya Beynəlxaq Mühəndislər Akademiyasının müxbir üzvüdür.

Evlidir, 2 övladı var. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar