Ölkə

Bu gün Bakı-Belqrad-Sürix aviareysinin açılması üzrə danışıqlar aparılacaq

Bakıda Azərbaycan və Serbiyadan 40-a yaxın sahibkarın iştirakı ilə dəyirmi masa keçirilir.

· Xəbərçi
Bu gün Bakı-Belqrad-Sürix aviareysinin açılması üzrə danışıqlar aparılacaq
Bu günAzərbaycan paytaxtında Bakı-Belqrad-Sürix aviareysinin açılması məsələsi ilə bağlı danışıqlar aparılacaq. Bu barədə Serbiya-Azərbaycan Ticarət Palatasının prezidenti Mirko Baraç Bakıda jurnalistlərə bildirib.

“Bakı-Belqrad-Sürix aviareysinin açılması planlaşdırılır və bu gün biz bununla bağlı bütün təfsilatları razılaşdırmaq üçün “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AzAL) rəhbərliyi ilə görüşməliyik”, - deyə M.Baraç vurğulayıb.

Onun sözlərinə görə, gələcəkdə razılıq əldə olunsa, aviareyslərin coğrafiyası digər şəhərlərə də genişləndirilə bilər.

Eyni zamanda, o qeyd edib ki, gələcəkdə Azərbaycan və Serbiya arasında birbaşa hava əlaqəsinin açılması planlaşdırılır və bu, hər iki tərəfdən turist axınının artırılması üçün şərait yaradacaq.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan və Serbiyadan maşınqayırma, qida sənayesi, kənd təsərrüfatı, turizm, energetika, əczaçılıq və tikinti sahəsində fəaliyyət göstərən 40-a yaxın sahibkarın iştirakı ilə dəyirmi masa keçirilir. ANSPRESS

Şərhlər