Bu gün Azərbaycanın üç Milli Qəhrəmanının ad günüdür
22 Fevral 2011 Çərşənbə Axşamı 09:06
Bunlar Tahir Həsənov, Faiq Rəfiyev və Rövşən Hüseynovdur
Qarabağ Azadlıq Təşkilatı və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş milli qəhrəmanların cəmiyyətə bir daha təqdim olunması üçün təşəbbüs edib. Biz milli qəhrəmanların doğum günlərində onlar haqqında kiçik həcmli məlumat yayır, kütləvi informasiya vasitələrinə göndəririk. Bu məlumatların yayılması həm onların daha yaxşı tanıtdırılmasına, həm də gənclərin vətənpərvərlik tərbiyəsinə xidmət edir.
22 fevral Azərbaycanın milli qəhrəmanları Tahir Həsənov, Faiq Rəfiyev və Rövşən Hüseynovun doğum günüdür.
Tahir Tofiq oğlu Həsənov 1970-ci il fevralın 22-də Bakı şəhərində doğulub. Tahir Həsənov kəşfiyyat qrupuna rəhbərlik edib, Ağdərə, Başkənd, Meşəli, Çıldıran döyüşlərində iştirak etmiş, qəhrəmanlıqla vuruşub. O, 1992-ci il sentyabrın 2-də Çıldıran döyüşündə sona qədər vuruşub, sonda düşmənə əsir düşməmək üçün qumbara ilə özünü partladıb və bir neçə düşməni də məhv edib.
Faiq Qəzənfər oğlu Rəfiyev 1955-ci il fevralın 22-də Füzuli rayonunun Sarıcıq kəndində doğulub. O, Daxili İşlər Nazirliyinin zabiti kimi Axullu, Tuğ, Qaradağlı kəndlərinin müdafiəsində fəal iştirak edib. O, Koçbəy kəndini ermənilərdən azad edərkən qəhrəmanlıqla vuruşub və 1992-ci il yanvarın 10-da həlak olub.
Rövşən Şəmil oğlu Hüseynov 1967-ci il fevralın 22-də Ağdam rayonunun Quzanlı kəndində doğulub. Onun təşəbbüsü ilə 1992-ci ildə Bakı Dövlət Universitetinin tələbələri dəstə düzəltdilər və cəbhəyə yola düşdülər. Rövşənin komandiri olduğu tələbə tağımı Goranboy rayonu ərazisində Holandağ yüksəkliyi, Ergəc, Mənəşli, Buzluq döyüşlərində qəhrəmanlıq göstərdi. O, 1992-ci il mayın 11-də Marquşevan uğrunda gedən döyüşdə qəhrəmancasına həlak oldu.
DOSTLARINLA PAYLAŞ: