BŞBPİ: Aksiya zamanı 50 nəfər saxlanılıb
12 Mart 2011 Şənbə 21:00
Asayişin kütləvi şəkildə pozulmasına imkan verilməyib”.
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Müsavat Partiyasının martın 12-də kütləvi aksiya keçirmək cəhdi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Müsavat Partiyasının rəhbərliyi 2011-ci il martın 12-də metronun “Neftçilər” stansiyası yaxınlığındakı “Praqa” şadlıq sarayının qarşısından başlayaraq Qara Qarayev prospekti ilə “Təbriz” kinoteatrına qədər yürüş-mitinq keçirmək barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.
“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan qanununun 7-ci maddəsinin I hissəsinin tələbləri, o cümlədən ictimai təhlükəsizlik mənafeyi və digər şəxslərin hüquq və azadlıqlarının qorunması baxımından, aksiya marşrutunun və yerinin dəyişdirilməsi formasında məhdudlaşdırılaraq Səbail rayonunun Bibiheybət qəsəbəsində yerləşən stadionun ərazisi təklif olunub və bu barədə müraciətin müəlliflərinə rəsmi məlumat verilib: “Lakin tədbirin dinc və qanuni qaydada, yazılı xəbərdarlıqda göstərilmiş və toplantıya qoyulmuş şərtlərə uyğun keçirilməsini təmin etmək üçün bütün mövcud imkanlardan istifadə etmək barədə həmin qanunun 12-ci maddəsinin III hissəsinin tələbinə riayət etməyən təşkilatçılar hakimiyyət orqanları ilə qarşıdurmaya getməkdə maraqlı olduqlarını növbəti dəfə nümayiş etdiriblər. Onlar həmin gün saat 14.00-dan başlayaraq ümumi sayı təxminən 150 nəfərədək olan kiçik qruplarla şəhərin mərkəzi hissəsində, əsasən Nizami küçəsi və “Fəvvarələr” meydanı istiqamətində yürüş keçirməyə cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən daxili işlər orqanları əməkdaşlarının gördüyü tədbirlər nəticəsində qanunsuz aksiya keçirmək cəhdinin qarşısı alınıb, asayişin kütləvi şəkildə pozulmasına imkan verilməyib”.
Məlumatda deyilir ki, görülmüş tədbirlərlə qanunazidd hərəkətlərin qarşısı alınaraq 50 nəfər saxlanılıb: “Onlardan asayişin mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan 20 nəfərin əməlləri ərazi polis bölmələrində müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün aidiyyəti məhkəmələrə göndərilib. İzahatları alınmış 30 nəfər isə hüquqazidd hərəkətləri yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıb. Faktla bağlı araşdırma aparılır”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: