Brüsseldə Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib
02 Mart 2011 Çərşənbə 02:56
Tədbirdə Xocalı soyqırımının tanınması ilə bağlı müraciət imzalanıb
Avropa-Azərbaycan Cəmiyyəti və respublikamızın bu ölkədəki səfirliyi tərəfindən Xocalı soyqırımının 19-cu ildönümünə həsr edlmiş tədbir keçirilib. Azərbaycanın Belçika Krallığındakı səfirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycanın Belçika krallığındakı və Lüksemburq hersoqluğundakı səfiri Emin Eyyubov iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib. Sonra səfir 19 il öncə erməni terrorçularının Xocalıda törətdikləri soyqırımı haqqında məlumat verib və bu soyqırımın dünyada tanınması, haqqın və ədalətin öz yerini tapması üçün ölkəmizin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun və İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələdiricisi Leyla Əliyevanın təşəbbüsü ilə elan olunmuş “Xocalıya Ədalət!” Beynəlxalq kampaniyasının oynadığı mühüm roldan və kampaniyanın ildən-ilə daha geniş vüsət almasından danışıb. E.Eyyubov yalnız səfirliyin deyil, Belçikadakı Azərbaycan diaspor təşkilatlarının da bu aksiyaya qoşulduğunu və müvafiq tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Avropa-Azərbaycan Cəmiyyətinin nümayəndəsi Leon Kuk çıxışında Xocalı soyqırımının baş verdiyi günləri xatırladıb, 613 mülki insanın qəddarlıqla qətlə yetirildiyini, bu soyqırımı törədənlərin hələ də cəzasız qaldığını, BMT, ATƏT və digər nüfuzlu təşkilatların qərar və qətnamələrinə baxmayaraq Azərbaycan torpaqlarının 20 faizinin hələ də Ermənistanın işğalı altında olduğunu qeyd etmiş və beynəlxlaq birliyi Xocalı soyqırımını tanımağa çağırıb.

İsveç parlamentinin sabiq üzvü, Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və qurumun siyasi məsələlər komitəsinin sədri vəzifələrini tutmuş Goran Linblad “Justice for Khojaly” internet səhifəsinin yeniləşmiş versiyasını iştirakçılara təqdim edib, “Xocalıya Ədalət!” kampaniyası barədə geniş məlumat verib və hamını dünya liderlərinə ünvanlanmış petisiyaya qoşulmağa dəvət edib.

Tədbir zamanı iştirakçılar “Justice for Khojaly” klipinə tamaşa edib və həzin musiqinin müşayiəti ilə soyqırımı qurbanlaının ad və soyadlarını ekranda seyr ediblər. Sonra iştirakçılar Heydər Əliyev Fondu və “Xocalıya Ədalət!” beynəlxlaq kampaniyası tərəfindən hazırlanmış foto-sərgiyə tamaşa edib, müvafiq təbliğat materialları ilə tanış olub, kampaniyanın hazırladığı və dünya liderlərinə ünvanlanmış petisiyaya imza atıblar.

Tədbirdə Avropa Parlamentinin üzvləri, xarici ölkələrin səfirliklərinin əməkdaşları, Belçika ictimaiyyətinin nümayəndələri, geyri-hökumət təşkilatlarının təmsilçiləri, diasporumuzun üzvləri və tələbələriniz iştirak ediblər.

Azərbaycan-Belçika Dostluq Cəmiyyəti isə səfirliyin dəstəyi ilə ingilis, fransız və niderland dillərində hazırladığı “Biganə qalmayın” adlı açıqcaları Avropa Parlamentinin, Belçika Senatının və Nümayəndələr Palatasının üzvlərinə poçt və elektron məktub vasitəsilə göndərib. Açıqcalarda Xocalı soyqırımına aid fotolor, soyqırımı haqqında məlumat və “ Xocalıya Ədalət!” kampaniyası çərçivəsində dünya liderlərinə ünvanlanmış petisiyaya qoşulmaq çağırışı öz əksini tapıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar