Bir ay susuz qalmaq olar?
12 İyul 2010 Bazar Ertəsi 17:30
Suraxanı rayon sakinləri su üzünə həsrətdirlər.
Bakı şəhər Suraxanı rayonu, Atamoğlan Rzayev küçəsinin sakinləri artıq bir aydır ki, su üzünə həsrətdir. Bu barədə sakinlər ANS PRESS-ə şikayətlərində bildiriblər.

“Bir aydır su üzünə həsrət qalmışıq. Soruşanda da deyirlər ki, yayda su olmur. Keçən il yenə ara-sıra su olardı, indi ümumiyyətlə quruyub. Su kranımız pas atıb. Gündə bir maşın su almaqdan bezmişik. Bir maşın suya 20 manat pul veririk. Bütün qazancımız suya gedir” söyləyən Sərxan Orucov onların şikayətinə barmaqarası baxdıqlarını bildirdi. Dəfələrlə su idarəsinə və Əmircan Bələdiyyəsinə müraciət etsələr də bir nəticə olmayıb.

Məsələ ilə əlaqədar "Azərsu" ASC-yə müraciət etdik. Cəmiyyətin mühəndisi Rəşad Quliyev ANS PRESS-ə açıqlamasında Suraxanı rayonuna lazımi qədər su verildiyini bildirdi. “Vəziyyət heç də vətəndaşların dediyi kimi deyil. Biz Suraxanı rayonuna lazımi qədər su veririk. Problem ya bələdiyyənin, ya da Suraxanı su idarəsinindir. Amma orada su problemi deyildiyi qədər də ciddi deyil”, -deyə, “Azərsu” ASC-nin rəsmisi vurğuladı.

Problemlə əlaqədar Əmircan bələdiyyəsi ilə də əlaqə saxladır. Bələdiyyədən ANS PRESS-ə bildirdilər ki, həqiqətən Atamoğlan Rzayev küçəsində su problemi var. Lakin problem sırf su idarəsinin günahı ucbatından yaranıb və onlarlıq bir iş yoxdur.

Məsələyə tam aydınlıq gətirmək üçün Suraxanı su idarəsinə zəng etdik. Çox təəssüf ki, oradan da bizə konkret cavab verən olmadı. Suyun yoxluğunu su idarəsindən təsdiqləyərək, problemin səbəbini yayda suya olan böyük təlabatda gördülər. Problemin həllinin isə dəqiq vaxtını deyən olmadı.

Yəqin ki, Bakının bir çox yerləri kimi Suraxanı rayonu, Atamoğlan Rzayev küçəsinin sakinləri də yayın qurtarmasını gözləməli olacaqlar. Bəlkə onda onların su kranlarının pası açıldı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar