Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib
06 Mart 2011 Bazar 04:11
Bəxtiyar Hacıyev əvvəl seçilmiş qətimkan tədbirinin tələblərini pozub və Gəncə şəhərini icazəsiz tərk edib.
“Polisin nəzarəti altına vermə qətimkan tədbirinin şərtlərini pozduğuna görə martın 4-də təqsirləndirilən şəxs Bəxtiyar Hacıyevin tutulması barədə qərar qəbul edilib və o, həmin tarixdə tutularaq istintaqa təhvil verilib. Qeyd edilən səbəbə görə Gəncə şəhəri, Nizami rayon məhkəməsinin qərarı ilə əvvəl seçilmiş qətimkan tədbiri dəyişdirilməklə, Bəxtiyar Hacıyevin barəsində bir ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir”. Bunu Trend-in sorğusuna cavab olaraq Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib. Onun sözlərinə görə, Bəxtiyar Hacıyev hərbi xidmət keçməkdən boyun qaçırdığına görə bu il yanvar 24-də Gəncə şəhər prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb və fevralın 3-də təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

“Qətimkan tədbiri seçilərkən Bəxtiyar Hacıyevə müstəntiqin, prokurorun icazəsi olmadan başqa yerə gedə bilməməsi, müvafiq yaşayış məntəqəsi hüdudlarında daimi yaşayış yerini və ya müvəqqəti olduğu yeri dəyişə bilməməsi, həmçinin polisin müəyyən etdiyi cədvəl üzrə polis orqanına gələrək bu barədə müvafiq qeydiyyat aparılması izah edilib. Qərar icra edilməsi üçün Gəncə şəhəri, Nizami rayon Polis Şöbəsinə göndərilib və Bəxtiyar Hacıyevin hər gün saat 10:00-da həmin şöbəyə gəlməli olduğu haqda cədvəl tərtib olunaraq ona imza etdirilib. Lakin, müəyyən edilib ki, o, 2 - 4 mart 2011-ci il tarixlərdə polis şöbəsinə gələrək cədvələ imza etdikdən sonra Gəncə şəhərinin ərazisini tərk edib. Bununla bağlı rayon Polis Şöbəsinin əməkdaşları bir neçə dəfə onun yaşadığı ünvana gedərək atası İlyas Hacıyevə oğlunun Nizami rayon Polis Şöbəsinə gəlməli olması bildirilməklə bu barədə müvafiq sənədləşmə aparılıb, lakin Bəxtiyar Hacıyev polis şöbəsinə gəlməyib”, - deyə Eldar Sultanov bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar