Bərdədə güclü külək yaşayış evlərinə ciddi ziyan vurub
19 İyun 2010 Şənbə 23:15
Bərdədə güclü külək evlərin dam örtüyünü qopardaraq 300 metr məsafəyə qədər aparıb.
Bu gün axşam saat 21 radələrində Bərdə rayonu ərazisində əsən güclü külək əhalinin şəxsi təsərrüfatına və evlərinə ciddi ziyan vurub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, təqribən 20 dəqiqə davam edən güclü külək rayonun Qaradəmirçi, Türkmən və Lək kəndlərinin sakinlərinə ziyan vurub.

Güclü külək Qaradəmirçi kəndində 4 nəfərlik ailənin yaşadığı çiy kərpicdən tikilmiş evin bir hissəsini dağıdıb. Hazırda kənd camaatı evi dağılmış ailənin məişət əşyalarının dağıntılar arasından çıxarılmasına yardım edir.

Rayonun Türkmən kəndində isə külək 3 yaşayış evinin dam örtüyünü qopardaraq təqribən 300 metr məsafəyə qədər aparıb. Rayonun Lək kəndində isə iri gövdəli ağac Ağdam rayonundan məcburi köçkün düşmüş ailənin məskunlaşdığı evin üstünə düşüb. Hadisə nəticəsində ailəyə məxsus olan avtomobil ağacın altında qalaraq əzilib.

Güclü külək rayonun elektrik təsərrüfatına da ciddi ziyan vurub. Kəndlərə gedən elektrik dirəklərinin bəziləri aşıb, elektrik naqilləri qırılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar