Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib
06 Avqust 2010 Cümə 23:00
Müşavirədə 2010-cu ilin birinci yarısının yekunları müzakirə olunub.
Baş Prokurorluqda 2010-cu ilin birinci yarısının yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Müşavirədə məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov qlobal iqtisadi böhranın davam etdiyi və bu amilin dünya iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərdiyi bir şəraitdə, yeni müstəvidə hərtərəfli inkişaf mərhələsinə daxil olan Azərbaycan Respublikasında 2010-cu ilin birinci yarısında da əhəmiyyətli sosial-iqtisadi inkişaf təmin edilmiş, islahatlar və yeniləşmə proseslərinin daha da dərinləşdirilməsi, hüquqi və demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması, xalqın yaşayış səviyyəsinin daha da yüksəldilməsi istiqamətində mühüm addımlar atıldığını bildirib.

Zakir Qaralov qeyd edib ki, 2010-cu ilin birinci yarım ilində Azərbaycanın prokurorluq orqanları tərəfindən digər hüquq mühafizə, məhkəmə və ədliyyə orqanları ilə qarşılıqlı əlaqədə ölkədə ictimai-siyasi sabitliyin və əmin-amanlığın, dövlət müstəqilliyimizin qorunması, cinayətkarlığa, o cümlədən mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərinə qarşı mübarizənin daha da gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin edilməsi, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması üçün genişmiqyaslı işlər görülüb.

Prokurorluqda aparılan islahatların yeni məzmunda davam etdirildiyini qeyd edən Z. Qaralov mövcud olan çatışmazlıqların təxirə salınmadan aradan qaldırılması istiqamətində bir sıra məqsədyönlü tədbirlərin həyata keçirilməsinin təmin edildiyini deyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar