Baş Prokurorluq rayon və şəhər prokurorlarına müraciət edib
22 Oktyabr 2010 Cümə 15:10
Müraciət prokurorluq orqanlarının Kütləvi İnformasiya Vasitələri ilə münasibətlərinin təkmilləşməsinə yönəldilib.
Baş Prokurorluğun rəhbərliyi bütün tabe qurumlara müraciət edib. Məlumatına görə, müraciət prokurorluq orqanlarının Kütləvi İnformasiya Vasitələri ilə münasibətlərin təkmilləşməsi və əlaqələrinin gücləndirilməsinə yönəlib.

Müraciətdə informasiya azadlığının təmin edilməsi sahəsində prokurorluq orqanları tərəfindən həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, ictimaiyyətlə, eləcə də kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrin daha da təkmilləşdirilməsi tövsiyə olunur. Müraciətdə, həmçinin cəmiyyətdə geniş əks-səda doğuran və xüsusi maraq kəsb edən cinayət işlərinin istintaqı barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə kütləvi informasiya vasitələrinə, habelə televiziya kanallarına müsahibə verərkən Baş Prokurorluq üzrə müvafiq əmrin tələblərinə ciddi riayət edilməsinin zəruriliyi vurğulanıb. Sorğu edilən məsələlərlə əlaqədar televiziya kanallarına müsahibələrin verilməsi yalnız ictimaiyyətlə, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrə görə məsul olan prokurorluq işçiləri tərəfindən Baş Prokurorluğun mətbuat xidməti ilə razılaşdırılmaqla məqsədə uyğundur. Cinayət işləri üzrə edilən sorğularla bağlı istintaqın aparılmasına xələl gətirən və istintaq sirri təşkil edən məlumatların yayılması hallarına yol verilməməsi, o cümlədən təqsirsizlik prezumpsiyası prinsipinə, ailə, dövlət, kommersiya və qanunla mühafizə olunan digər sirlərin qorunmasına dair qanunvericiliyin tələblərinə dönmədən əməl edilməsi tələb olunur.

Xatırladaq ki, bir müddət əvvəl Baş Prokurorluğun veb saytının yenilənmiş variantının təqdimatı keçirilib. Saytın yeni versiyasında Baş Prokurorluğun rəhbərliyinin, eləcə də KİV-lə əlaqələrə görə məsul şəxslərin əlaqə telefonlarını özündə əks etdirən xüsusi bölmə yaradılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar