Balaxanı susuz qalıb
10 İyul 2010 Şənbə 17:30
"Azərsu" ASC günahı bələdiyyədə, Balaxanı bələdiyyəsi isə "Azərsu" ASC-də görür.
Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsinin sakinləri yayın qızmar günlərində susuz alışıb-yanırlar. Bu barədə qəsəbə sakinləri ANS PRESS-ə şikayətlərində bildiriblər.
"Əvvəllər də bu qəsəbədə su problemi olardı. Lakin vəziyyət bu qədər acınacaqlı deyildi. Bir aya yaxındır ki, Balaxanı susuz səhranı xatırladır", deyə qəsəbə sakinləri qeyd etdilər.
“Bütün kənd susuz qalıb. Hər gün 2 maşın su gətirirlər, onu da pul ilə alırıq. Suyun bir maşınına 20, bəzən də 30 manat veririk. Lakin bu su yalnız içməyə çatır. Problemi dəfələrlə "Azərsu" ASC-yə və Balaxanı bələdiyyəsinə demişik. Amma problemlə maraqlanan yoxdur. Bilmirik, dərdimizi kimə deyək. Elə bil, biz bu ölkənin adamı deyilik”, söyləyən qəsəbə sakini Sərdar Əliyev porblem üzündən qəsəbədən köçmək istədiyini bildirdi. Partizan Məmməd küçəsində yaşayan Sərdar Əliyev və digər qonşular dəfələrlə su idarəsinə və qəsəbə bələdiyyəsinə müraciət ediblər, amma bir fayda olmayıb.
Məsələ ilə bağlı “Azərsu” ASC ilə əlaqə saxladıq. Aparıcı mühəndis Elnur Qasımov ANS PRESS-ə açıqlamasında problemin qəsəbə bələdiyyəsinə aid oludğunu bildirdi. “Biz suyu Balaxanı qəsəbəsinə veririk. Lakin əhali lazımınca su ilə təmin oluna bilmirsə, bu sırf bələdiyyənin problemidir”, -deyə, Elnur Qasımov vurğuladı.
Balaxanı bələdiyyəsindən isə ANS PRESS-ə bildirdilər ki, onlara aid heç bir problem yoxdur: "Əgər qəsəbəyə su verilmirsə, bu sırf “Azərsu” ASC-nin problemidir".
Gərək Balaxanı qəsəbəsinin sakinləri bir az da dözümlü olsunlar. Nə də olmasa, onsuz da yayın qurtarmağına az qalıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: