BakuTel-2010 sərgisi işə başlayır
22 Noyabr 2010 Bazar Ertəsi 14:20
Sabah Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı - «BakuTel-2010» işinə başlayır.
«APA-ECONOMICS»in məlumatına görə, Britaniyanın İTE Group PLC şirkəti və onun Qafqazdakı tərəfdaşı “İteca Caspian LLC” şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgidə telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən son yeniliklər, avadanlıqlar, Azərbaycanda və dünyada tətbiq olunan xidmətlər nümayiş etdiriləcək.

Açılışında Azərbaycan prezidenti İlham Əliyevin iştirak edəcəyi “BakuTel-2010” sərgisində Azərbaycan, ABŞ, Çin, İsrail, Litva, Malayziya, Türkiyə və digər ölkələr də daxil olmaqla ümumilikdə 16 ölkəni təmsil edən 115 şirkət iştirak edəcək. Bu il sərginin sahəsi 30% artıb, 24 şirkət isə bu il sərgiyə ilk dəfə qoşulub. 23-26 noyabr tarixlərində davam edəcək sərgidə ziyarətçilərə telekommunikasiya və şəbəkələr, kabel və simsiz rabitə, peyk texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları, təhlükəsizlik sistemləri, bank texnologiyası və xidmətlər təqdim ediləcək. Sərgi təşkilatçılarının məlumatlarına görə, burda ziyarətçiləri yeni orijinal stendlərdə sürprizlər və uduşlu oyunlar da gözləyir.

Sərgi ilə paralel noyabrın 24-də Bakıda «İKT və iqlim dəyişiklikləri» mövzusunda konfransın keçirilməsi nəzərdə tutulur. «BakuTel-2010» sərgisinə həsr olunmuş mətbuat konfransında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə sərginin böyüməsinin və onu açılışında ölkə rəhbərliyinin iştirakını Azərbaycanda bu sahəyə göstərilən diqqətin göstəricisi olduğunu bildirib. Sərginin meneceri Rəna Abutalıbova bildirib ki, sərgi iştirakçılarının 40%-ni xarici, 60%-ni isə yerli şirkətlər təşkil edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar