Bakı şəhəri Nərimanov rayonunda "Baku Steel Company" zavodunun ərazisində döyüş sursatlarının aşkarlanması barədə Fövqəladə hallar Nazirliyinə məlumat daxil olub.
APA-nın FHN-in rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, zavoda emal üçün gətirilmiş metal qırıntılarının arasında zavod əməkdaşları tərəfindən partlamamış döyüş sursatları aşkar olunub.
Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış sursatların 1 ədəd istifadə üçün yararlı "RQO" qəlpəli əl qumbarası, 4 ədəd "MUV-1" modernləşdirilmiş universal partlayıcı, 1 ədəd "SPQ-9" mərmisi və 14 ədəd 16mm fişəng olduğu müəyyən edilib.
Aşkarlanmış sursatlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər və aidiyyəti qurumların mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib. Axtarış zamanı qeyd olunan ərazidə digər partlayış təhlükəli döyüş sursatları aşkar edilməyib.