Bakının qaz şəbəkəsi yenidən qurulacaq
03 Fevral 2011 Cümə Axşamı 15:00
Əkbər Hacıyev: “Bütün işlərə 10 il vaxt və 800-900 milyon avro məbləğində vəsait tələb olunur”
Fevral ayının sonunda Bakı şəhəri üzrə qaz şəbəkəsinin yenidən qurulması layihəsini hazırlayacaq podratçı şirkət müəyyənləşəcək. Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev bildirib.
Onun sözlərinə görə, hazırda Almaniyanın “E.ON” və “RWE” şirkətləri ilə danışıqlar aparılır və fevralın sonunadək danışıqlar başa çatacaq: “Fevralın sonunadək “Azəriqaz” seçiləcək şirkətlə Bakının qaz sisteminin yenidən qurulması ilə bağlı layihəsinin hazırlanmasına dair memorandum imzalayacaq».
Ə.Hacıyev onu da bildirib ki, layihənin hazırlanması prosesi 2011-ci ilin sonunadək başa çatacaq, layihənin icrasına isə 2012-ci ildən başlanacaq: “Bakı şəhərinin qaz sisteminin yenidən qurulması işlərinə 10 ilə yaxın vaxt tələb olunacaq”.
“Azəriqaz” İB-nin rəhbəri həmçinin qeyd edib ki, ümumiyyətlə, bütün işlərə 800-900 milyon avro məbləğində vəsait tələb olunur və bu vəsaitin xarici banklardan cəlb edilməsi planlaşdırılır: “Layihəni hazırlayacaq şirkət və “Azəriqaz” birgə müəssisə yaradacaq ki, kreditin xarici banklardan cəlb olunması və ümumiyyətlə bütün işlərin icrası ilə yeni yaradılacaq müəssisə məşğul olacaq”.
DOSTLARINLA PAYLAŞ: