Gələn ildən Bakı şəhərinin mərkəzindəki bəzi ərazilərə avtomobillərin girişi tamamilə qadağan olunacaq. Hazırda belə məhdudiyyət Fəvvarələr Meydanı ətrafında qüvvədədir.
Nəqliyyat Nazirliyi nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov «
APA-ECONOMICS»ə bildirib ki, gələn il avtomobil girişi üçün məhdudlaşdırılmış ərazilərin sayı və əhatəsi daha artırılacaq. O cümlədən, Nizami küçəsinin «Torqovıy» adlanan hissəsinə avtomobillərin yaxınlaşmasına qadağa qoyulmalıdır.
Paralel olaraq, Nəqliyyat Nazirliyi şəhərin giriş hissələrində iri avtomobil dayanacaqlarının – parklanma meydançalarının yaradılmasına başlayacaq. Bu dayanacaqlar paytaxtın bütün girişlərində – «Məşədi Əzizbəyov» metro stansiyasının yaxınlığında, Bakı Avtovağzalının ətrafında, «Azneft» meydanının yaxınlığında, şəhərin Zığ qəsəbəsi tərəfdən girişində, eləcə də Babək prospektinin əvvəlində «Xalqlar Dostluğu» metro stansiyasının ətrafında təşkil olunacaq.
S.Məmmədovun sözlərinə görə, burada avtomobillərin parklanma haqqı nisbətən aşağı olmalıdır: «Burada qiymətlər münasib olmalıdır ki, insanlar ondan hər gün istifadə edə bilsinlər və maşınla şəhərin mərkəzinə daxil olmağa ehtiyac qalmasın».
Dayanacaqlar bütün müasir parklanma avadanlıqları, kameralar və digər nəzarət qurğuları ilə təmin olunmalıdır. Hələlik bu dayanacaqların ümumi tutumu ilə bağlı tələbat dəqiqləşdirilməyib – amma nəqliyyat vasitələrinin sayını nəzərə alanda, mövcud ehtiyacı ödəmək üçün dayanacaqlar toplam azı 100 min avtomobil qəbul etmək imkanına malik olmalıdır. Artıq bu dayanacaqlar üçün ərazilərin ayrılması üzərində iş aparılır. Avtomobil dayanacaqları şəhərin mərkəzində də yaradılacaq, amma burada parklanma qiyməti paytaxtın girişindəkinə nisbətən daha yüksək olacaq.