Bakının mərkəzi küçələri yenidən qurulacaq
25 Avqust 2010 Çərşənbə 22:25
Bu iş ingiltərəli mütəxəssisə tapşırılıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DŞAK) Dünya Bankı ilə birlikdə “Şəhər ərazilərinin regenerasiyası” mövzusunda seminar-treninq keçirib. Seminar inkişaf etməkdə olan ölkələrə, o cümlədən Qafqaz regionu dövlətlərinə Dünya Bankının yardımı çərçivəsində təşkil olunub. Layihənin məqsədi Bakı şəhərinin problemli ərazilərindən birinin dünya təcrübəsi baxımından yenidən qurulub abadlaşdırılmasının sxematik və konseptual həlli variantını hazırlamaqdır.
Layihənin hazırlanmasına rəhbərlik Dünya Bankı tərəfindən ingiltərəli tanınmış memar Zəki Qiyasiyə tapşırılıb. Tədbirdə ərazilərin ilkin variantları ilə tanışlıqdan sonra Z.Qiyasi yerli mütəxəssislərlə birlikdə N.Nərimanov və Azərbaycan prospektləri, Nizami və Bakıxanov küçələrinin əhatə etdiyi və şəhərsalma baxımından abadlaşdırılmağa daha çox ehtiyac duyulan ərazinin üzərində dayanıb. Yaxın günlərdə ictimai əsaslarla yerli mütəxəssislərdən təşkil ediləcək xüsusi işçi qrupu seçilmiş ərazinin nümunəvi regenerasiya (yenidənqurma) layihəsini 2010-cu ilin sonunadək DŞAK-a təqdim etməlidir.
Bu müddətdə mütəxəssislərin əyani tanışlıq və təcrübə mübadiləsi məqsədilə İngiltərənin London və Liverpul şəhərlərinə səfərləri də nəzərdə tutulur. Səfərlər və layihəyə rəhbərlik xərcləri Dünya Bankının ayırdığı qrant hesabına maliyyələşəcək.
Layihə üzrə əldə ediləcək təcrübə və yanaşmalar respublikanın digər şəhərlərinin inkişafı və abadlaşdırılması layihələrinin hazırlanması zamanı nəzərə alınacaq.
Z.Qiyasi bir memar kimi İngiltərədə formalaşmış və hazırda “McBains Cooper” şirkətində çalışır. Dünyanın beş ölkəsində ofisi olan bu şirkətin 200-dən çox əməkdaşı var və şəhər ərazilərinin dirçəldilməsi layihələrinin hazırlanması və həyata keçirilməsi sahəsində böyük təcrübəyə malikdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: