Bakıelektrikşəbəkə seçki ilə bağlı gücləndirilmiş iş rejiminə keçir
05 Noyabr 2010 Cümə 11:00
Bakıelektrikşəbəkə həmçinin Dövlət Bayrağı Günü və Qurban Bayramı günləri ilə əlaqədar tədbirlər görüb.
“Bakıelektrikşəbəkə” ASC əməkdaşları noyabr ayında gücləndirilmiş iş rejimində çalışacaqlar. Cəmiyyətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 7 noyabr Azərbaycan Respublikası Milli Məclisinə seçkilər günü, 9 noyabr Dövlət Bayrağı Günü və Qurban Bayramı günlərində abonentlərin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz olunmaları üçün Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri sərəncam imzalayıb.
Sərəncama əsasən, yarana biləcək qəzaların qarşısının operativ olaraq alınması məqsədilə əlavə mal-material və maşın-mexanizmlər, texniki qüvvə və növbətçilik qaydaları müəyyən olunub, avadanlıq və material ehtiyatı təmin edilib.
“Bakıelektrikşəbəkə” ASC abonentləri əmin edir ki, bu qış ötən ilki illərdən fərqli olaraq elektrik enerjisi təchizatı baxımından daha uğurlu keçəcək. Son dörd il ərzində paytaxtın elektrik şəbəkəsində aparılan yenidənqurma, təmir-bərpa işləri bunu deməyə əsas verir. Görülən işlərin nəticəsində şəbəkənin gücü 53 faiz artaraq 4808 MVA təşkil edir.
Abonentlərdən xahiş olunur ki, yarana biləcək hər hansı problemlər haqqında “199 - Qəza Xidməti”nə zəng vuraraq məlumat versinlər. Yaradılmış operativ qruplar vasitəsilə yaranmış fasilələrin dərhal aradan qaldırılması mümkün olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: