Problem 20 saylı məktəbin qarşısındakı piyada keçidinin ətrafında yaranıb.
Bakıda yeni körpü və keçidlər inşa edilir. Lakin az vaxt keçəndən sonra bəzi körpülərdə və tikililərdə yenidən tikinti işlərinin getdiyini görmək olur. Belə problemlərdən biri də Yasamal rayonu, Parlament prospekti 7 ünvanında yenicə istifadəyə istifadəyə verilən piyada keçidinin qarşısında yaranıb. Daha dəqiq desək, 20 saylı məktəbin yanındakı piyada keçidinin qarşısında yerə döşənmiş daşlar sökülüb.
ANS PRESS olaraq məsələ ilə maraqlandıq. Məlum oldu ki, söküntüyə səbəb yerin altından keçən rabitə xətlərinin nasaz olmasıdır. Bu barədə piyada keçidinin nəzarətçisi, “Körpü Bina Tikinti” MMC-nin əməkdaşı Səbuhi Haqverdiyev ANS PRESS-ə açıqlamasında bildirdi.
“Yerin altında iri həcmli borunun içi ilə rabitə xətləri keçir. Uzun müddət istismar edildiyi üçün həmin boru sıradan çıxıb və naqillərdə problemlər yaranmağa başlayıb. İndi onun təmiri üçün 3 gündür ərazidə iş gedir. Uzağı 2 günə işlər başa çatacaq”, - deyə Səbuhi Haqverdiyev vurğuladı. ANSPRESS