Bakıda turistlər üçün avtobusla ekskursiya başlayır
29 Noyabr 2010 Bazar Ertəsi 15:10
Saat 12:00-da “Azadlıq” meydanından başlayacaq gəzinti 5 saat davam edəcək
Bakıya gələn qonaqlar və yerli sakinlər üçün yeni xidmət – paytaxtda avtobusla ekskuriya fəaliyyətə başlayıb. Bakı Turizm İnformasiya Mərkəzinin turizm sahəsi üzrə baş mütəxəssisi Bəxtiyar Qılıcovun ANS PRESS-ə verdiyi məlumata görə, ekskursiya marşrutu bu gündən başlayıb və gündə bir dəfə baş tutacaq.

Bələdçilərin müşayiəti ilə saat 12:00-da “Azadlıq” meydanından başlayacaq gəzinti 5 saat davam edəcək. Bu müddət ərzində həm şəhərə gələn qonaqlar, həm də yerli sakinlər paytaxtın görməli yerləri ilə tanış olacaqlar. Gəzinti Opera və Balet Teatrının qarşısında yekunlaşacaq.

2010-2014-cü illərdə turizmin inkişafına dair dövlət proqramının tərkib hissəsi olan bu layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Bakı Turizm İnformasiya Mərkəzi və “Millenium” turizm şirkətinin birgə təşkil etdiyi şəhər turunun qiyməti 25 manatdır.

Şirkətin daxili turizm və nəqliyyat üzrə meneceri Elçin Novruzovun ANS PRESS-ə verdiyi məlumata görə, turda iştirak edənlər Çavanşir körpüsü, Şəhidlər Xiyabanı, Fəxri Xiyabanı, funikulyor, İçəri Şəhər və sairə görməli yerlərdə olacaqlar. Ekskursiyada iştirak edənlərə sərinləşdirici içki və Azərbaycana aid suvenirlər təqdim ediləcək. Bir iri tutumlu və üç kiçik avtobusla həyata keçiriləcək səfərlərdə 4 dildə - ingilis, türk, fars, rus dillərini bilən gidlər olacaq.

Biletləri Bakı şəhər Turizm İnformasiya Mərkəzindən və Park İnn otelindən almaq olar.

Qeyd edək ki, ekskursiyanın təşkil edilməsinin məqsədi ölkənin turizm potensialı və mədəni irsinin təbliğ olunmasıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar