Bakıda saxta pendir istehsalçısı tapılıb
17 Dekabr 2010 Cümə 12:05
Fiziki şəxs O.Quliyevə məxsus müəssisədə pendir istehsalı zamanı standartın tələbləri pozulub
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor qəsəbəsində fiziki şəxs statusu ilə sahibkarlıq fəaliyyəti göstərən O.Quliyevə məxsus sexdə duzlu suda yetişdirilmiş pendir istehsalı zamanı standartların tələblərinə, metroloji qayda və normalara riayət olunmasını araşdırıb.

Komitənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, məhsul təsdiq olunmuş reseptura və texnoloji təlimat olmadan istehsal olunur. Müəssisədə texnoloji prosesin pozulması faktı aşkar edilib. Belə ki, pendirin yetişmə müddətinə (60 gün) riayət olunmur və məhsul müəyyən edilmiş qaydalara uyğun yetişdirilmir.

Yoxlama zamanı istifadə olunan xammalların uyğunluq sertifikatlarının olmadığı, məhsulun qablaşdırılmasında istifadəsinə icazə verilməyən təkrar qablardan istifadə olunduğu, anbarda hazır məhsulun sanitariya norma və qaydalarına riayət olunmadan saxlanıldığı, markalanmanın normativ sənədin tələblərinə uyğun aparılmadığı müəyyən edilib.

Nöqsanların aradan qaldırılması üçün müəssisənin rəhbərinə inzibati qaydada protokol tərtib edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar