Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin yeni binasının açılışı olub
22 Yanvar 2011 Şənbə 13:50
Narışkin: "Rusiya –Azərbaycan münasibətləri o qədər genişdir ki, əvvəlki bina bizə kifayət etmədi".
Bu gün Bakıda Xocalı prospekti, 1178 kvartal ünvanında yerləşən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin yeni binasının açılışı olub. ANS PRESS-in məlumatına görə, açılışda Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, həmçinin Rusiya və Azərbaycanın dövlət və ictimai xadimləri iştirak edib.

Açılış mərasimində çıxış edən Sergey Narışkin bildirib ki, əslində mərkəzin açılışı ötən ilin mart ayında olub.

"Ancaq Rusiya –Azərbaycan münasibətləri o qədər dərin və genişdir ki, əvvəlki bina bizə kifayət etmədi və biz yeni bir bina açmaq məcburiyyətində qaldıq. Bu bina Azərbaycanla Rusiya arasında möhkəm əlaqələrin nəticəsidir. Biz inanırıq ki, iki ölkə arasında humanitar və digər sahələrdə münasibətlər daha da genişlənəcək və Rusiya bunda maraqlıdır. Azərbaycan da bunda maraqlı olmasaydı, bu mərkəzin açılışına belə önəm verməzdi. Buna görə, Azərbaycan hökumətinə minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, məkrəz iki ölkə arasında daha da aktiv fəaliyyət qurmağa yardımçı olacaq", deyə S. Narışkin vurğulayıb.

Daha sonra tədbirdə çıxış edən Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev mərkəzin qurulmasının iki ölkə arsında böyük münasibətlərin olmasının göstəricisi olduğunu söyləyib: "Azərbaycan Rusiya münasibətləri bütün sahələrdə bundan sonra da genişlənəcək".

R. Mehdiyev Azərbaycanda rus dilli məktəblərin və iki Rusiya ali məktəbinin fəaliyyət göstərməsini, Bakıdakı Rus Dram Teatrının bu yaxınlarda 90 illiyinin qeyd edilməsini də diqqətə çatdırıb.

Qeyd edək ki, açılış mərasimi çərçivəsində mərkəzdə Rusiyada təhsil almış Azərbaycan rəssamlarının - Tahir Salahov, Ömər Eldarov, Səttar Bəhlulzadə, Elbəy Rzaquliyev, Böyükağa Mirzəzadə, Nadir Əbdülrəhmanov və Nadir Qasımovun əsərlərindən ibarət sərgi açılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar