Bakıda istintaq təcridxanasında intihara cəhd olub?
11 Yanvar 2011 Çərşənbə Axşamı 16:50
Bakıda istintaq təcridxanasında intihara cəhd olub? Ədliyyə Nazirliyi məlumatı təkzib edir.
Azərbaycanda istintaq təcridxanasında intihara cəhd hadisəsi olub. Xəzər rayon sakini Şaiq Bayramovun ANS PRESS-ə verdiyi məlumata görə, bu gün saat 14.00 radələrində Şüvəlanda yerləşən təcridxanada saxlanılan 25 yaşlı qardaşı Ramiz Cavad oğlu Bayramov özünə qarın və qol nahiyyəsindən xəsarətlər yetirərək intihara cəhd edib.
Şaiq Bayramov bildirib ki, o, ailə üzvləri ilə birlikdə qardaşının yanına gəlib. Amma onlarda görüş üçün məhkəmə tərəfindən icazə kağızı olmadığından təcridxanadan onlara görüş vaxtı verilməyib. Elə bu zaman onlar eşidiblər ki, Ramiz Bayramov özünə xəsarət yetirib. Ş.Bayramov qardaşının özünə nə səbəbdən xəsarət yetirməsinin səbəbini bilməsə də hadisə yerinə təcili yardım maşınının gəldiyini görüb. O, bildirib ki, xəbəri müəssisənin rəhbərliyi də onlara təsdiqləyib və bildirib ki, elə qorxulu bir şey yoxdur.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən isə ANS PRESS-ə bildirdilər ki, həmin istintaq təcridxanasında belə bir hadisə baş verməyib.
“Ramiz Bayramov hazırda təcridxanada təqsirləndirilən şəxs qismində saxlanılır və işi üzrə istintaq məhkəmə tərəfindən aparıldığından görüş üçün işə baxan məhkəmənin icazəsi olmalıdır. O, şəxslərdə isə icazə kağızı olmadığından belə yalan məlumat yayıblar. Heç bir intihara cəhd hadisəsi olmayıb”- deyə mətbuat xidmətinin əməkdaşı bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: