Bakıda Heydər Əliyev prospektində sürət həddi artırılıb
15 Mart 2011 Çərşənbə Axşamı 14:23
Digər yollarda da sürət həddi artırıla bilər
Bakıda Heydər Əliyev prospektində sürət həddi 60 km/saatdan 80 km/saata qaldırılıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ANS PRESS-ə məlumat verib.
Onun sözlərinə görə, sürət həddi həmin prospektin Babək prospekti və Xətai prospektlərinin kəsişməsindəki yolun hərəkət hissəsinin orta zolağında artırılıb. Sözügedən ərazidə aparılan təmir tikinti işləri başa çatdığından və bu prospektin başqa küçə və prospektlərlə kəsişmədiyi nəzərə alınaraq Nazirlər Kabinetinin Təhlükəsizlik Komitəsi həmin prospektdə sürət həddinin artırılması barədə qərar qəbul edib. Artıq əraziyə bu barədə yol nişanları da qoyulub.
Kamran Əliyev gələcəkdə də Bakının bəzi küçələrinin 5.1 nişanı ilə təmin olunacağını, yəni digər yollarda da sürət həddinin artırılacağını istisna etmir.
“Hazırda ölkənin əhəmiyyətli magistral yollarında maksimum sürət həddi 90 km/saatdır. Əlbəttə, burada Aereport yolu, Hövsan yolu və Bakı kənarkeçmə, Lökbatan dairəsindən Biləcəri dairəsinə qədər yollar istisna olunur. Yəni burada sürət həddi 120 km/saatdır. Müəyyən yerlərdə yol infrastrukturu imkan verirsə, təhlükəsizliyi təmin edirsə, həmin yerlərdə sürət həddinin artırılmasına icazə verilir. Yaxın gələcəkdə magistral yolların avtomagistral statusu alacağı istisna edilmir. Magistral yollara avtomagistral status verildikdən sonra isə sürət həddi 110 km/saat təşkil edə bilər”, - deyə Kamran Əliyev vurğuladı.
DOSTLARINLA PAYLAŞ: