Bakıda evləri uçurulan qaçqınlar 6 ay vaqonda yaşayacaq
17 Yanvar 2011 Bazar Ertəsi 23:40
Həmin ailələr Pirəküşkül yaxud da Masazırda inşa olunan binalara köçürüləcək.
Biləcəri qəsəbəsinin “Motodrom” ərazisində məskunlaşan məcburi köçkünlərin köçürülməsi prosesi davam edir. Metropolitenin yeni “Avtovağzal” stansiyasının tikintisi nəzərdə tutulan bu ərazidə artıq 12 mənzil sökülüb. Sakinlərin sözlərinə görə, sökülən mənzillərin müqabilində onlara heç bir kompensasiya ödənilmir. Üstəlik də məskunlaşdıqları vaqonlarda istənilən şərait yoxdur. Vaqonlardan su damır, isinmək qeyri-mümkündür. Müraciət etdikləri ünvanlarda isə heç bir tədbir görülmür.
Qeyd edək ki, burada tikilən mənzillərin heç birinin sənədi yoxdur və vətəndaşlara bu ərazidə tikinti aparmağa rəsmi icazə verilmədiyindən tikililər qeyri-qanuni sayılır. Binəqədi rayon icra hakiminin müavini Vüsal İsmayılov ANS-ə verdiyi müsahibəsində vaqonlara baxış zamanı bəzi problemlərin müşahidə edildiyini inkar etməyib. Onun sözlərinə görə, 6 ay ərzində həmin ailələr yeni təmirli mənzillə təmin ediləcək.
“Bu gündən həmin vaqonlarda bacaların açılmasına başlanacaq ki, bu da havalandırma sistemini normallaşdıracaq. Bu insanların mənzillə təminatına gəlincə, bilirsiz ki, qaçqınların həyat şəraitinin yaxşılaşdırılması üçün yeni binalar tiklir. Evləri sökülən 8 ailənin yeni tikiləçək binalarda yerləşdirilməsi nəzərdə tutulub”, - deyə icra başçısının müavini vurğulayıb.
Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov da 12 məcburi köçkün ailəsinin 6 ay ərzində yeni tam təmirli mənzillərə köçürüləcəyini deyib. Onun sözlərinə görə, həmin ailələr ya Pirəküşküldə, ya da Masazırda inşa olunan binalara köçürüləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: