Bakıda ən ucuz torpaq Pirəküşgül qəsəbəsindədir
30 Noyabr 2010 Çərşənbə Axşamı 16:00
Oktyabr ayında torpaq bazarına təklif olunan ən bahalı torpaq sahəsi Nəsimi rayonunda qeydə alınıb
Bu ilin ilin oktyabr ayı ərzində bazara təklif olunan torpaq sahələrinin əsasını ötən aylarda olduğu kimi boş torpaqlar təşkil edib. Köhnə yaşayış evlərinin sökülməsi tendensiyası zəif olaraq qalıb. Boş torpaqlarda tikilən fərdi yaşayış evlərinin sərhədi şəhərin kənarına və şəhərətrafı ərazilərə (III və IV zonalar üzrə) doğru genişlənməkdə davam etsə də, tikintinin tempində mövsümi amillərlə bağlı azalma müşahidə olunub.

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən ANS PRESS-ə verilən məlumata görə, oktyabrda bazara təklif olunan ümumi 798,6 ha torpaq sahəsinin 78,2 faizini boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib. Torpaq bazarında təklifə çıxarılan torpaq sahələrinin qiymətində oktyabr ayı ərzində heç bir dəyişiklik baş verməyib, stabillik müşahidə olunub.

Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası oktyabr ayında dəyişməyərək stabil qalıb. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında ötən ayla müqayisədə stabillik müşahidə olunub və bazarın bu seqmenti üzrə aktivlik əvvəlki aya nisbətən nisbi şəkildə müsbətə doğru dəyişib.

Aparılan bazar araşdırmaları göstərir ki, şəhərin mərkəzində torpaq sahələrinin həddən artıq məhdudlaşması I zonada tələb və təklifin strukturunun dəyişməsi ilə yanaşı, qiymətlərin stabilləşməsinə səbəb olub. Söküntü işlərinin azalmasına baxmayaraq I zonada torpağın bazar qiyməti hələ də real dəyərindən baha olaraq qalmaqdadır. Bazarda torpağın ekspozisiya müddəti əvvəlki ayla müqayisədə nisbi olaraq 0.8 faiz artıb.

Oktyabr ayı ərzində Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə heç bir dəyişiklik müşahidə edilməyib. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 14243 $/sot səviyyəsində qalıb, bu səbəbdən indekslərə də stabillik qorunub saxlanılıb.

Ay ərzində əsasən şəhərin III zonasında nisbi (0,2 faiz) qiymət artımı qeydə alınıb, I zonanın torpaq qiymətlərində isə nisbi azalma (0,3 faiz) müşahidə edilib. Digər zonalarda heç bir dəyişiklik qeydə alınmayaraq orta qiymət dəyişməsi stabil olaraq qalıb.

I zona 17180 dollar -0,3
II zona 96842 dollar stabil
III zona 18969 dollar 0,2
IV zona 3522 dollar stabil

Şəhərin mərkəzində qiymətlərin həddən artıq yüksək olması, I zonada tələbin aşağı düşməsi ilə paralel qiymətlərin də azalmasına səbəb olub. Ötən aylardan fərqli olaraq oktyabr ayında III zonada qiymət azalması tədricən nisbi xarakter daşımağa başlayıb. Qiymətlərin hələ də real dəyərdən yüksək olması torpağın gəlirliyinə ciddi təsir göstərməsə də, bazarın bu seqmentində ekspozisiya müddətinin artmasına və likvidlik dərəjəsinin düşməsinə təsir göstərib. Bütün bunlarla yanaşı, torpaq sahələrinin ipoteka prosesində girov predmeti kimi qəbul olunmaması daşınmaz əmlak subyekti kimi mülkiyyətin bu növünə olan marağın hələ də aşağı olması ilə nəticələnir. Son aylar bazarda baş verən proseslər bazarın bu seqmenti ilə aparılan əməliyyatlarda risk dərəjəsini nisbi azaltmışdır.

Sentyabrda rayonlar üzrə cüzi qiymət artımı Binəqədi və Qaradağ (0.3 faiz) rayonunda, nisbi qiymət azalması isə Nəsimi və Səbail rayonları üzrə (0,4 faiz) qeydə alınıb.

Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Binəqədi və Xətai rayonları başçılıq edirlər. Ən passiv rayon isə ötən aylar olduğu kimi Nəsimi rayonudur. Oktyabr ayında da torpaq bazarına təklif olunan ən bahalı torpaq sahəsi 230 000 dollar sot Nəsimi (Nəsimi bazarı yaxınlığı) rayonunda, ən ucuz torpaq sahəsi isə 350 dollarsot Abşeron (Pirəkəşkül qəsəbəsi) rayonunda qeydə alınıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar