Bakı-Minvodı reysinin sərnişinləri Allahın ümidinə qalıblar
02 Avqust 2010 Bazar Ertəsi 19:50
Günorta saatlarında həyata keçirlməli olan reys 6 saatdır gecikir.
Bu gün “Turan-Air” avia şirkətinin həyata keçirməli olduğu Bakı-Minvodı reysi artıq 6 saatdan çoxdur ki gecikir. ANS PRESS-in Heydər Əliyev adına Beynəlxalq Hava Limanında olan müxbirinin verdiyi məlumata görə, saat 12:00-da qeydiyyatı başlamalı olan təyyarə səfəri əvvəlcə 15:00-a, sonra 18:30-a qədər təxirə salınıb.
Təyyarəni gözləyən sərnişinlərə isə gecikmənin səbəbləri barədə heç bir məlumat verilmir. Saat 17 radələrində bir qrup sərnişinin etirazından sonra hava limanında olan polislərin müdaxiləsi ilə sərnişinlər sakitləşdirilib. 18:00-dan etibarən qeydiyyatdan keçirilən və “duty free” zonasında gözlədilən 100-ə yaxın sərnişinin əksəriyyətini isə yaşlı və müalicə üçün sanatoriyalara üz tutmuş şəxslər təşkil edir. Saat 12-dən etibarən hava limanında ac-susuz və heç bir informasiya verilmədən saxlanılan sərnişinlər üçün daha bir pis nəticə isə onların əvvəlcədən pulunu ödədiyi sanatoriyalara bir gün gecikmə ilə çatacaqlarıdır.
Hava limanının Məlumat Bürosundan ANS PRESS-ə verilən məlumatda isə uçuşun 19-a qədər təxirə salındığı və əlavə heç bir məlumatın olmadığı bildirilib.
Əldə etdiyimiz qeyri-rəsmi bir məlumata görə, Bakı-Minvodı təyyarə səfərini yerinə yetirməli olan təyyarə “Turan Air” şirkətinin təyyarə səfərləri həyata keçirdiyi Bakı-Naxçıvan reysinə yönləndirilib. “Turan Air” avia şirkəti ilə əlaqə saxlamaq cəhdlərimiz isə uğursuzluqla nəticələnib. anspress
DOSTLARINLA PAYLAŞ: