Bakı metrosunda 76 stansiya olacaq
05 Noyabr 2010 Cümə 01:35
Yaxın illərdə Bakı Metropolitenində görüləcək işlərin prioritet istiqamətləri açıqlandı.
Gələcəkdə Bakı Metropoliteninin ümumi şəbəkəsi 2 mövcud və 3 əlavə yeni xətt olmaqla 5 xətdən, 76 stansiyadan və 119 kilometr metro xəttindən ibarət olacaq. Bunu Bakı Mektropolitenin rəisi Tağı Əhmədov deyib. Onun sözlərinə görə, 53 yeni stansiyanın və 84,3 kilometr metro xətlərinin inşası nəzərdə tutulur. İlk növbədə bənövşəyi xəttin qərb, mavi xəttin isə şərq hissəsinin inşası, qırmızı və yaşıl xətlərin genişləndirilməsi nəzərdə tutulur. Metronun perspektiv inkişafı üçün aşağıdakı prioritet istiqamətlər nəzərdə tutulub.

Birinci prioritet istiqamət: Buraxılış kompleksi (“Avtovağzal”-“Memar Əcəmi-2”-B3-B4-B5) 5 stansiya, 6,8 kilometr metro xəttindən ibarətdir. Bu istiqamət Yeni Avtovağzal kompleksini, 3-cü, 4-cü mikrorayonları, Tbilisi prospektini və Füzuli küçəsini əhatə edir. Burada Hərəkətin intensivliyi 45 qatar/saat nəzərdə tutulur. Hazırda bu intensivlik 30 qatar/saatdır. Bu istiqamətdə 6,8 kilometr metro xəttinin tikintisi və vaqon parkının yenilənməsi üçün 550 milyon manat vəsaitin lazım olacağı ehtimal edilir.

İkinci prioritet istiqamət: Bu buraxılış kompleksi (VI stansiya-Y-3-Böyükşor-M.Əzizbəyov-2-Sabunçu-Bakıxanov-Y-22-Qaraçuxur-Yeni Günəşli - bunlar yaşayış məntəqələrinin adlarıdır) 8 stansiyadan və 12,5 kilometr metro xəttindən ibarət olacaq. Bu istiqamətdə hərəsi 5 vaqondan 33 qatar heyəti işləyərsə, 165 vaqon lazım gələcək. Hərəkət intensivliyi isə yenə də 45 qatar/saat olacaq.

Üçüncü prioritet istiqamət (H.Aslanov-Zığ şosesi-Hərbi Akademiya) 2 stansiyadan, 3,7 kilometr metro xəttindən ibarət olacaq. Vaqon parkı 11 qatar heyəti olmaqla 55 vaqon, hərəkət intensivliyi yenə də 45 qatar/saat, ehtimal olunan vəsait xərcləri isə 296 milyon manat nəzərdə tutulur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar