Bakı metrosu tüstülənib
29 Noyabr 2010 Bazar Ertəsi 13:20
"Nizami" stansiyasında baş verən hadisə sakinləri təşvişə salıb
Bakı metrosunda sakinlər həyəcan yaşayıb. Milli.Az xəbər portalının məlumatına görə, bu gün saat 11:00 radələrində metronun "Nizami" stansiyasında tüstülənmə olub. Bu səbəbdən sərnişinlər qatardan təcili olaraq endirilib. Həmin qatar isə “Bakmil”ə göndərilib. Stansiya və tuneldə yaranmış tüstülənmə sərnişinləri təşvişə salıb.

Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov bildirib ki, metroda yaranmış hadisə təhlükəli deyil. Onun sözlərinə görə, qatar “Nizami” stansiyasından “28 May” istiqamətində hərəkətdə olarkən qatarın əyləc sistemində nasazlıq yaranıb. Maşınist əyləcə basarkən sistemdə yaranmış nasazlıq zamanı sıxılma möhkəm gedib və tüstülənmə yaranıb. Ona görə də sərnişinlər qatardan endirilərək həmin vaqon təmirə göndərilib.

Baş mühəndis baş vermiş hadisə zamanı qatarların hərəkətində hər hansı gecikmə olmadığını bildirib: “Gecikmə o vaxt olardı ki, problem gec aradan qaldırılardı. Ancaq bütün proseslər interval ərzində həll edildi. Qatarların hərəkətində problem yoxdur”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar