Bakı Masallı avtobusunda görünməmiş hadisə
13 Noyabr 2010 Şənbə 15:25
Bakı Masallı avtobusunda sürücü yarıyolda sərnişinlərdən əlavə 2 manat tələb edib.
Bu gün Bakıdan Masallı rayonunda gedən sərnişin avtobusunun sürücüsü Lökbatan yolunda maşını saxlayaraq sərnişinlərdən bilet üçün əlavə 2 manat tələb edib. Bu barədə ANS PRESS-ə şikayətində sərnişinlərdən biri Həqiqət Sadıqova məlumat verib. Şikayətçinin sözlərinə görə, sərnişinlər 5 manata bilet aldıqları halda, əlavə 2 manat ödəməli olublar.

“Avtobusun sürücüsü və kanduktoru bizi məcbur etdi ki, əlavə 2 manat pul verək. Avtobusda pulu olmayan insanlar da vardı, onları avtobusdan düşürtdülər. Onlardan biri yaşlıq qadın, digər iki nəfər isə kişi idi. Biz də məcbur olub əlavə pul verdik”, - deyə Həqiqət Sadıqova qeyd etdi.

Məsələ ilə bağlı Avtovağzalda fəaliyyət göstərən “M.Trans” şirkətinin iqtisadiyyat və ictimaiyyət şöbəsinin müdiri Mətləb Abidi ANS PRESS-ə açıqlamasında hadisənin araşdırılacağını bildirdi.

“Bizim xəttə buraxdığımız avtobuslarda belə hadisə baş verə bilməz. Biz məsələni yenə də dəqiqliyi ilə araşdırarıq. Bu ola bilsin ki, özbaşına xəttə çıxan avtobusda baş versin. Məsələ araşdırılacaq və günahkar mütləq cəzalanacaq”, - deyə Mətləb Abidi vurğuladı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar