Bakı Beynəlxalq Avtovağzalında sıxlıq yaranıb
08 Sentyabr 2010 Çərşənbə 18:20
Problemin aradan qaldırılması üçün xəttə əlavə avtobuslar buraxılıb.
Ramazan bayramı ilə əlaqədar Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalda əhali sıxlığı müşahidə olunur. Bu barədə vətəndaşlar ANS PRESS-ə şikayətlərində bildirib. Belə ki, Bərdə, Yevlax və Gəncə istiqamətlərinə sıxlıq daha çoxdur.
“3 saatdır gözləyirik. Gəncəyə getmək istəyirəm, lakin avtobus tapa bilmirəm. Ümumiyyətlə, Bərdə və Yevlax istiqamətinə də avtobus çatışmır. Soruşanda, deyirlər ki, avtobuslar bayramla əlaqədar dolub. Deyirlər ki, xəttə əlavə marşrut buraxılacaq. Amma, hələ də gözləmə zalında oturmuşuq”, - deyə Gəncə sakini şikayətləndi.
Məsələ ilə bağlı Avtovağzalda fəaliyyət göstərən “M.Trans” şirkətinin iqtisadiyyat və ictimaiyyət şöbəsinin müdiri Mətləb Abidi ANS PRESS-ə açıqlamasında doğrudan da avtovağzalda əhali sıxlığının müşahidə olunduğunu bildirdi.
“Bu gün adi günlərdən fərqli olaraq sərnişinlər daha çoxdur. Sıxlıq ən çox qərb istiqamətində müşahidə olunur. Burada Bərdə, Yevlax və Gəncəyə gedənlər daha çoxdur. Problemin həll olunması üçün xəttə əlavə avtobuslar buraxdıq. Lakin gərginlik az da olsa qalmaqdadır. Bu istiqamətə axırıncı avtobus saat 18:00-da çıxacaq. Bundan sonra avtobus yola salmaq olmaz. Çünki, avtobus mənzilbaşına gecə saat 1-dən sonra çatacaq. Bu da qadağandır”, söyləyən Mətləb Abidi problemin vətəndaşlar deyən kimi ciddi olmadığını bildirdi. Onun sözlərinə görə, yaranan sıxlıq reyslərə əlavə avtobuslar buraxılması ilə demək olar ki, həll olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: