Bakı Ağ Şəhər Layihəsi Kiyevdə təqdim edilib
03 Dekabr 2010 Cümə 16:00
Layihə Ukrayna paytaxtında keçirilən investisiya sammitində iştirak edib
Ukraynanın paytaxtı Kiyevdə MDB və Yaxın Şərq ölkələrinin İnvestisiya Sammiti keçirilib. Sammitdə dünyanın sürətlə inkişaf edən iki regionun perspektivli əməkdaşlıq məsələlərinə baxılıb. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı” haqqında fərmanın icrası çərçivəsində həyata keçirilən və potensial investisiyalar üçün açıq olan Bakı Ağ Şəhər Layihəsinin nümayəndələri təmsil ediblər.
“ADEC Azerbaijan Development Company”dən ANS PRESS-ə verilən məlumata görə, layihənin təmsilçiləri iştirakçılar qarşısında “Bakı Ağ Şəhər-in İnvestisiya İmkanları” mövzusu ilə çıxış ediblər. Təqdimat zamanı dinləyicilərə Dünya Bankı tərəfindən iqtisadiyyat sahəsində qabaqcıl islahatçı kimi tanınan Azərbaycanın uğurlu iqtisadi inkişafı və ölkəmizin investisiya imkanları barədə məlumat verilib ki, bu da öz növbəsində sammit iştirakçılarında böyük maraq yaradıb.
Tədbirin təşkilatçıları sırasında Ukrayna Nazirlər Kabineti, Milli Bankı və bu ölkənin İqtisadi İnkişaf Nazirliyi də olub. Sammit dünyanın 32 ölkəsinin bütün iqtisadi sahələrində fəaliyyət göstərən ən yüksək şirkətlər qruplarının maliyyə-investisiya sahəsində maraqlı olan və təcrübə mübadiləsində iştirak etmək istəyən 400-dən çox rəhbərlərini bir araya toplayıb.
DOSTLARINLA PAYLAŞ: