"Bakı Ağ Şəhər" Fransada təqdim edilib
14 Mart 2011 Bazar Ertəsi 21:01
Layihə ilk dəfə olaraq Kann şəhərində keçirilən beynəlxalq daşınmaz əmlak sərgisində nümayiş olunub
Fransanın Kann şəhərində MIPIM-2011 - Beynəlxalq daşınmaz əmlak sərgisi keçirilib. ADEC-in (Azerbaijan Development Company Azərbaycan) mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dünya bazarının ən nüfuzlu sərgi salonunda, MIPIM Awards-2011 mükafatına namizəd olan "Bakı Ağ Şəhər" layihəsi ilə təmsil olunub.

Sərgi iştirakçıları "Bakı Ağ Şəhər"in üstünlükləri ilə müstəqil stenddə tanış olmaq imkanı əldə ediblər. Stendin ekspozisiyası layihənin gələcək rayonlarının 1:500 miqyasında hazırlanmış fiziki modelindən ibarət idi. Bundan başqa, "Bakı Ağ Şəhər" haqqında ətraflı məlumat sərginin xüsusi kataloqunda, bukletlərində və elektron daşıyıcılarında təqdim olunub. Azərbaycan layihəsinə həsr olunmuş məqalə “MIPIM Preview” sərgi jurnalının növbəti nömrəsində də dərc edilib.

“Reed MIDEM” təşkilatçılarının məlumatına görə, sərgidə 81 ölkəni təmsil edən 1700-dən artıq layihə təqdim olunub. Burada Brüssel, Helsinki, Frankfurt, Münhen,Keyp-Taun, Barselona və s. kimi şəhərlər də eksponentlər sırasında idi. MDB-ni bu sərgidə Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna və Belarus təmsil edirdi. MIPIM-2011 1000-dən artıq investisiya şirkətini təmsil edən 4000-nə yaxın aktiv investorları cəlb edib. Burada həmçinin, iqtisadiyyat sahəsində tanınmış ekspertlərin iştirakı ilə müxtəlif konfranslar, forumlar və dəyirmi masalar keçirilib. Göstərilən tədbirlərdə məruzəçilər inkişaf edən daşınmaz əmlak bazarına investisiya qoyuluşu, maliyyə risklərinin tənzimlənməsi, urbanizasiyanın və şəhərsalmanın müasir meyilləri və digər aktual mövzular haqqında maksimum dolğun məlumat çatdırılıb.

MIPIM-2011 ümumilikdə 30000 yaxın mütəxəssis - investorlar, aparıcı developer və konsaltinq şirkətlərinin nümayəndələri, memar və ərazilərin inkişaf konsepsiyasının müəllifləri qatılıb. Tədbir həmçinin, sərgidə iştirak edən 200-dən artıq xarici KİV nümayəndələri tərəfindən beynəlxalq mətbuatda geniş işıqlandırılıb.

Qeyd edək ki, Bakı Ağ Şəhər şəhərsalma layihəsi “Azərbaycan Respublikasında 2006-2010-cu illərdə ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı”nın təsdiq olunması haqqında Azərbaycan Respublikasının prezidentinin Fərmanı çərçivəsində həyata keçirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar