Bakı-1 dairəvi yolu yaxın günlərdə istifadəyə veriləcək
01 Sentyabr 2010 Çərşənbə 10:20
Yol son texniki baxışdan keçirilib və heç bir təhlükə mövcud deyil.
Yaxın günlərdə istifadəyə veriləcək Bakı-1 dairəvi yolunda son tamamlanma işlərinə başlanılıb. Hazırda yolun işıqlandırılması və abadlaşdırılması işləri görülür. “Azəryolservis” Səhmdar Cəmiyyətinin mətbuat katibi Pünhan Mürsəliyevin sözlərinə görə, Bakı-1 dairəvi yolu son texniki baxışdan keçirilib və heç bir təhlükə mövcud deyil.

Onun sözlərinə görə, layihənin ikinci hissəsində dağ yamaclarında çatların olması bir qədər gecikməyə səbəb olub: “Bununla da torpaq yatağının və dağ yamacının bərpa edilməsi ilə işə başlanıldı və bərkitmə işi aparılıb”.

İndiyədək layihə üzrə işlərin 85 faizinin görüldüyünü deyən P. Mürsəliyev yolun üzərindəki kommunikasiya xətlərinin köçürülməsi və su ötürücü xətlərin tikintisinin yekunlaşdığını bildirib: “Hazıki işi götürsək, tikilmiş körpülərin üzlənməsi, sonuncu qat asfaltın vurulması və eyni zamanda yaşıllıqların düzəldilməsi işi aparılır”.

Qeyd edək ki, birinci texniki dərəcəli yol hesab olunan Bakı dairəvi yol 6 zolaqlıdır. Yeni yol 3 hissədən ibarətdir. Yolun 5,5 km-lik hissəsi Biləcəri yoxuşundan Qanlıgölə qədər olan hissəni əhatə edir. Burada 3 gediş-gəliş zolağı ilə yanaşı, nəqliyyat vasitələrinin yaşayış masivvlərinə giriş-çıxışını asanlaşdırmaq üçün 2 yol zolağı tikilib. Dairəvi yolun ikinci hissəsində - Qanlıgöldən Lökbatana qədər 9 km-lik yeni yol tikilib. Nəhayət, Bakı-Ələt magistralında 7 km-lik yol yenidən qurulub. Bakı-1 dairəvi yol istifadəyə verildikdən sonra avtobusların və ağırtonnajlı maşınların şəhər daxilində hərəkəti məhdudlaşacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar