Azəryolservis özünə məsləhətçi axtarır
24 Noyabr 2010 Çərşənbə 18:40
Magistral yolların istismarı və xidmət göstərilməsi üzrə pilot layihə üçün müsabiqə elan edilib
“Azəryolservis” ASC Azərbaycanın magistral yolların istismarı və xidmət göstərilməsi üzrə pilot layihənin həyata keçirilməsində texniki dəstəyin göstərilməsi üçün məsləhətçi seçiminə müsabiqə elan edib. Məsləhətçinin vəzifələri bunlardır:

- ASC Azərbaycanın magistral avtomobil yollarının istismarı və xidmət göstərilməsi üzrə pilot layihənin həyata keçirilməsində texniki dəstəyin göstərilməsi;

- magistral avtomobil yollarının idarəedilməsi üçün qrupun yaradılmasında köməklik etmək; magistral avtomobil yollarının istismarı üçün xidməti sazişin hazırlanması.

Bundan əlavə, məsləhətçinin vəzifələrinə magistral avtomobil yollarının idarəedilməsi qrupu və yol idarələri üçün treninqlərin təşkil edilməsi yolu ilə magistral avtomobil yollarının istismarı və idarə edilməsinin keyfiyyət və effektivliyinin artırılması; magistral yollar üzrə qaydaların hazırlanması və s. daxildir.

İşlər 2011-ci ilin martına qədər icra edilməlidir. Müsabiqədə iştirak etmək istəyən şirkətlər öz ərizələrini 8 dekabr 2010-cu ilə qədər təqdim etməlidirlər.

Qeyd edək ki, bu ilin mayın 25-də Dünya Bankının Direktorlar Şurası avtomobil yollarının yaxşılaşdırılması üzrə üçüncü layihənin həyata keçirilməsi üçün Azərbaycana 241,6 milyon dollar məbləğində kreditin ayrılmasını təsdiq edib. Kredit iki hissədən ibarətdir. 171,6 milyon dollar Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) şərtləri ilə 4 ili güzəştli olmaqla 17 il müddətinə, daha 70 milyon dollar isə Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA) şərtləri ilə 10 ili güzəştli olmaqla 20 il müddətinə ayrılıb. Azərbaycan hökuməti ilə kredit sazişi 11 avqust 2010-cu ildə imzalanıb. Layihənin ümumi dəyəri 356,15 milyon dollar təşkil edir. Onun həyata keçirilməsi üçün vəsaitlərin qalan hissəsi Azərbaycan hökuməti tərəfindən ayrılacaq. DB-nin kredit vəsaitləri uzunluğu 100 km-dən çox olan Bakı-Şamaxı avtomobil yolunun bir hissəsinin genişləndirilməsi, magistral avtomobil yollarının idarə edilməsi və istismarı ilə bağlı yeni yanaşmaların tətbiqi üzrə araşdırmaların aparılması üçün istifadə olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar