“Azərsu” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verildi
21 İyul 2010 Çərşənbə 17:45
Cəmiyyət kəndlinin torpağını zəbt edərək əvəzində kompensasiya ödəməməkdə ittiham edilir.
Oğuz-Qəbələ-Bakı su kəmərinin ərazisinə düşən pay torpağının sahibi Qəbələ rayonu Şamılı kənd sakini Vidadi Rəfiyev “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Qəbələ Rayon İcra Hakimiyyətini məhkəməyə verib. Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə təşkilatından ANS PRESS-ə məlumat verilib.

O, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi ilə əlaqədar dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir. Vidadi Rəfiyevin Hüquqlarını Yasamal rayon Məhkəməsində Neftçilərin Hüquqlarını Müdafiə təşkilatının hüquqşünası Azər Quliyev müdafiə edəcək.

Neftçilərin Hüquqlarını Müdafiə təşkilatının məlumatında bildirilir ki, Bakı-Qəbələ-Oğuz su kəmərinin çəkilişi ilə əlaqədar Vidadi Rəfiyevin sahəsinin 2,51 hektarı kəmər keçən əraziyə düşdüyü üçün 2007-ci ilin iyun ayından o, faktiki olaraq bu ərazidən istifadə etmir. V. Rəfiyev iddia edir ki, bu layihənin sifarişçisi olan “Azərsu” ASC kəndliyə məxsus olan ərazini zəbt edib.

Qeyd edək ki, məsələ ilə əlaqədar Vidadi Rəfiyev Qəbələ Rayon İcra Hakimiyyətinə yazılı şikayət edib. Onun müraciətinə cavab olaraq dəymiş zərərin əvəzi olaraq ona yaxın günlərdə 9829 manat 20 qəpik pul ödəniləcəyi bildirilib. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qəbələ rayon şöbəsinin 28.01.2010-cu il tarixli məktubuna əsasən isə, ona bu torpaq sahəsinin əvəzinə digər torpaq sahəsinin veriləcəyi barədə bildirilib. Lakin keçən müddət ərzində Qəbələ Rayon İcra Hakimiyyətinin məktublarında göstərilən 9829 manat 20 qəpik ödəniməyib. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qəbələ Rayon Şöbəsi tərəfindən də torpaq sahəsi əvəzinə digər torpaq sahəsi verilməyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar