“Azercell Telekom” insan alverinə qarşı çıxdı
15 Dekabr 2010 Çərşənbə 10:20
Süzan Mübarəkin başçılıq etdiyi “İnsan alverinə qarşı beynəlxalq foruma” “Azercell Telekom” da qatılıb
Misirdə dekabrın 10-12-də “İş adamları insan alverinə qarşı” beynəlxalq forumu keçirilib. Misirin birinci xanımı Süzan Mübarəkin rəhbərlik etdiyi Qadınların Beynəlxalq Sülh Hərəkatı və BMT-nin İnsan Alverinə qarşı Qlobal Təşəbbüsü tərəfindən təşkil olunan bu forumun əsas məqsədi iş dünyası, incəsənət aləmi və medianın tanınmış şəxslərini bir araya gətirərək onları insan alverinə qarşı mübarizədə iştiraka həvəsləndirməkdən ibarətdir.

Forum insan alverinə qarşı mübarizədə iş adamlarının rolunu vurğulamaqla yanaşı, onları bu bəla ilə mübarizədə öz şəbəkələrindən istifadəyə çağırmaq məqsədi daşıyır. Toplantıda özəl sektor üçün onlayn e-təhsil proqramının təqdimatı da baş tutub.

“İnsan alverinə indi son qoyaq” qlobal kampaniyası çərçivəsində baş tutan bu forumda “Azercell Telekom” MMC-nin nümayəndə heyəti də iştirak edib. “Azercell Telekom”un mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, şirkətin prezidenti Ali Ağan toplantıda çıxış edərək “Azercell”in bu kampaniya çərçivəsində gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən danışıb. Eyni zamanda şirkət prezidenti Misirin birinci xanımı Süzanna Mübarək, Misirin İnformasiya rabitə və informasiya texnologiyaları nazirinin müavini, Bəhreyn Kralının həyat yoldaşı Şeyxa Sabika bint İbrahim Əl-Xəlifə, ABŞ Prezidentinin insan alverinə qarşı xüsusi elçisi Melani Vervir, Orascom Telekomun rəhbəri Naqib Saviris, İsgəndəriyə kitabxanasının direktoru Dr. İsmael Seraqeldin, BMT-nin keçmiş Baş Katibi Butros-Butros Qali, Belçika senatının sədri Ənn Mari Lizinlə görüşlər keçirib və “CNN International” kanalına “Azercell Telekom”-un mövzu ilə əlaqədar dəstəklədiyi təşəbüslər haqqında müsahibə verib.

Forum günlərində Oskar mükafatçısı Robert Belheymerin çəkdiyi və insan alverinin qurbanlarına həsr olunmuş “Mənim həyatım deyil” filminin dünya premyerası baş tutub. Bəhreyn kralının həyat yoldaşı və Belçika şəhzadəsi Matilda ilə bərabər dünyanın bir çox ölkələrinin rəsmiləri, Hollivudun tanınmış simalarından olan Mira Sorvino, Demi Mur, Aşton Katçer kimi sülhməramlı səfirlərin və aktyorların da qatıldığı bu tədbiri CNN və BBC kanalları geniş işıqlandırıb və forumun mövzuları ilə əlaqədar Cim Klansi və Zeynab Badauvi tərəfindən cənlı debatlar təşkil olunub.

Luksor Forumunun təşkilatçıları ümid edirlər ki, bu toplantı gələcəkdə insan alveri qurbanları üçün yaradılan beynəlxalq fondu dəstəkləyən platformaya çevriləcək. Onlar dünyada ən böyük açıq hava muzeyi sayılan Luksorun insan alverinə qarşı mübarizədə simvola çevriləcəyinə inanırlar.

Qeyd edək ki, “Azercell Telekom” MMC “YES” Azərbaycan İnsan Alverinə Son Qoyaq kampaniyasının iştirakçısıdır və kampaniya çərçivəsində Azərbaycanda keçirilən tədbirlərin baş tutmasını dəstəkləyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar