Azercell rouminqdə güzəşt kampaniyasına başladı
03 Fevral 2011 Cümə Axşamı 10:30
12 ölkə üçün eyni rouminq qiymətləri müəyyənləşib
“Azercell Telekom” MMC rouminq qiymətlərində yeni kampaniya elan edir. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, kampaniya çərçivəsində xarici ölkələrdə olan Fakturalı Xətt Abonentləri xüsusi güzəştli sabit tariflərdən yararlana bilərlər.
Fakturalı Xətt Abonentləri bir sıra xarici ölkələrdə olarkən müəyyən operatorların şəbəkəsinə qoşulmaqla həm yerli zənglər, həm Azərbaycana edilən zənglər, həm də SMS və GPRS xidmətləri üçün standart eyni qiymət (flat rate) ödəyəcəklər. Bu abonentlər rouminqdə olarkən yerli zənglərin 1 dəqiqəsi üçün 24 qəpik, Azərbaycana edilən zənglərin hər dəqiqəsi üçün 70 qəpik, 1 SMS üçün 9 qəpik və 1 Mb GPRS trafikinə görə 2,09 AZN ödəyəcəklər.
Kampaniya “TeliaSonera” qrupuna aid olan 12 mobil operatoru əhatə edir. Bura Estoniya (AS Emt), Latviya (LMT Latvia), Moldova (MoldCell), Litva (Omnitel Lithuania), İspaniya (Voigo), Finlandiya (Sonera Corporation Finland), Norveç (Netcom Norway), İsveç (Telia Mobile AB Sweden), Danimarka (Telia Denmark), Qazaxıstan (Kcell), Tacikistan (Tcell) və Özbəkistan (Ucell) daxildir.
Qeyd edək ki, Gürcüstan üçün bu tariflər kampaniya qiymətlərindən də aşağıdır. Hazırda Gürcüstanda olan “Azercell” abonentləri “Geocell” oepratorunun xidmətlərindən istifadə etməklə Azərbaycana edilən zənglərin hər 1 dəqiqəsinə görə 47 qəpik, hər 1 SMS-ə görə 8 qəpik, 1 Mb GPRS üçün isə 1,89 AZN ödəyirlər. Yanvarın 29-dan başlayan rouminqdə güzəşt kampaniyası 3 ay davam edəcək.
DOSTLARINLA PAYLAŞ: