Azərbaycanlı narkobaronu öldürən sevgililərə hökm oxundu
08 Oktyabr 2010 Cümə 17:35
Onlardan biri 15, digəri isə 14 il müddətinə azadlıqdan məhrum edilib.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə beynəlxalq səviyyəli narkobaronu qətlə yetirməkdə təqsirləndirilən sevgililərə hökm oxunub. Hakim İlham Mahmudovun sədrlik etdiyi məhkəmənin hökmü ilə Ərəstun Məmmədov 15, Elmira İdrisova isə 14 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Məhkəmə tərəfindən cəzalandırılan şəxslər bu il aprelin 25-də Şirvan şəhərində Cahangir Xanlarini qətlə yetirməkdə ittiham olunub. Belə ki, həmin gecə saat 22:00 radələrində C.Xanlarinin meyiti yaşadığı mənzildə tapılıb. Məlum olub ki, qətli mərhumun həyat yoldaşı 32 yaşlı Elmira İdrisova və onun sevgilisi 24 yaşlı Ərəstun Məmmədov törədib.

Müəyyən edilib ki, qətlə yetirilən 36 yaşlı Cahangir Xanlari beynəlxalq səviyyədə narkotika biznesi ilə məşğul olurmuş. Əvvəllər bir dəfə məhkum olunan C.Xanlari azadlığa çıxdıqdan sonra beynəlxalq səviyyədə narkotika biznesi yaradıb. Onun biznesinin əhatə dairəsi Danimarkadan Yaponiyayadək uzanırmış. Barəsində axtarış elan oldunduğundan Azərbaycana nadir hallarda gələn C.Xanlari hər gəlişində də tanınmaması üçün cilddən-cildə girirmiş. Mərhumun son gəlişi də belə olub. Arvadının Şirvandakı macəralarından Danimarkada xəbər tutan C.Xanlari məsələni aydınlaşdırmaq üçün vətəninə gəlib. Arvadı ilə söhbət edərək hər şeydən xəbərdar olduğunu deyib və məsələni sübuta yetirərək hər ikisini öldürəcəyi barədə xəbərdarlıq edib. Lakin daha tez tərpənən sevgililər onun araşdırmasını sona çatdırmağa imkan verməyiblər və birləşərək C.Xanlarini bıçaqla qətlə yetiriblər. Sevgili cütlük meyiti gizlətmək istəsə də, bu, alınmayıb və onlar həbs ediliblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar