Azərbaycanın birinci xanımı Qala qəsəbəsində olub
25 Fevral 2011 Cümə 01:01
Qəsəbədə turizmin inkişafı üçün restoran tikilir, qala divarları bərpa edilir, mis qablar və əntiq əşyalar muzeyinin inşası aparılır
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Qala qəsəbəsində olub. Bildirilib ki, Heydər Əliyev Fondu qəsəbədəki gölün ətrafındakı ərazinin abadlaşdırılması layihəsini həyata keçirməyi nəzərdə tutur. Ərazidə yaşıllaşdırma işlərinin aparılması bu məkanda gələcəkdə müxtəlif tədbirlərin keçirilməsi, eləcə də muzey kompleksi kimi istifadə olunması üçün imkan yaradacaq. Heydər Əliyev Fondunun prezidentinə məlumat verilib ki, bu ərazi uzun illər ərzində yığılmış neft tullantılarından təmizlənib.
Qala kəndində Mehriban xanım Əliyeva qala divarlarının bərpası işləri ilə tanış olub. Bərpa işlərinə ötən ilin yayında başlanıb. Qala qəsri tam bərpa olunub. XII-XIV əsrlərə aid Qala qəsri bir müddət məscid kimi də fəaliyyət göstərib. Qəsrin altında aşkar edilən evlər, qəbirlər, digər tikili və əşyalar olduğu kimi bərpa edilərək Qala kompleksinin tərkib hissəsinə çevriləcəkdir. Yeraltı hissədə qədim dövrdə qayaaltı yaşayış yerləri, tunel, gizli yollar olub.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya İnstitutunun ekspediyası burada qazıntı işləri aparmış, tunc dövrünə aid olduğu bildirilən yeni tarixi əşyalar aşkar edib. Beş min il tarixə malik qəsəbədə üçüncü minillikdən başlayaraq XX əsrə qədər tarixi olan kurqanlar, sərdabalar, evlər, məqbərələr, məscidlər, hamamlar, qədim qəsrin qalıqları mövcuddur.
Qala kəndində “Qala” mis qablar və əntiq əşyalar muzeyinin inşası da aparılır. Muzeyin təməli ötən ilin iyununda qoyulub. Üçmərtəbəli muzey binası Şahid Həbibullayevin kolleksiyası əsasında qurulacaqdır. Hazırda mütəxəssislər ekspozisiyanın mövzusu üzərində işləyirlər. Muzey kompleksində emalatxanalar və ekspozisiya zalları olacaq.
Bu gün Qala kəndi Abşeron yarımadasında turistlərin diqqətini çəkən məkanlardan biridir. Bu səbəbdən burada restoranın inşası zərurətə çevrilib. Mehriban xanım Əliyeva ərazidə tikilən restoran binasında inşaat işlərinin gedişi ilə tanış olub. Məlumat verilib ki, binanın birinci mərtəbəsində kafe, ikinci mərtəbəsində isə restoran fəaliyyət göstərəcək.
Xəzər rayonunun digər qəsəbə və kəndləri kimi, Qala kəndinin də tarixi memarlıq incilərinin qorunub saxlanılması üçün genişmiqyaslı işlər görülür. Milli Məclisə Xəzər rayonundan deputat seçilən və seçicilərin etimadını layiqincə doğruldan Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Qalada inşa edilən yeni obyektlər bu əraziyə turistlərin daha çox cəlb olunması işinə xidmət edir.
DOSTLARINLA PAYLAŞ: