Azərbaycanda yeni standartlar qəbul edilib
13 Dekabr 2010 Bazar Ertəsi 16:50
Standartların tətbiq vaxtı bu ilin dekabrın 12-dən müəyyən edilib
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 13 Dövlət standartını təsdiq edib. Komitənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 360-2010, AZS 466-2010, AZS 467-2010, AZS 389-2010, AZS 390-2010, AZS 391-2010, AZS 393-2010, AZS 444-2010, AZS 445-2010, AZS 446-2010, AZS 448-2010, AZS 449-2010, AZS 438-2010 Dövlət standartlarını təsdiq edib. Standartların tətbiq vaxtı 20.12.2010-cu ildən müəyyən edilib.
AZS 360—2010 “Təzə əncir. Texniki şərtlər” standartı ticarət şəbəkəsində satılmaq və sənaye emalı üçün tədarük edilən təzə əncirin mədəni sortlarına (Buzov burnu, Gəncə sarı ənciri, Abşeron sarı ənciri, Qara əncir, Sumağı əncir və s.) şamil edilir.
AZS 466-2010 “Balıq və dəniz məhsullarından hazırlanan konservlər və preservlər. Termin və təriflər” standartı balıq və dəniz məhsullarından hazırlanan konservlərə və preservlərə dair termin və tərifləri müəyyən edir. Standartla müəyyən edilən terminlərin standartlaşdırmanın fəaliyyət göstərdiyi və ya bu fəaliyyətin nəticələrinin istifadə olunduğu sahələrə daxil olan konservlər və preservlər üzrə bütün növ sənədlərdə və ədəbiyyatlarda istifadəsi məcburidir.
AZS 467-2010 “Kəsim üçün qaramal. Ümumi texniki şərtlər” standartı kəsim üçün nəzərdə tutulmuş iri buynuzlu qaramala aid edilir.
AZS 389-2010 “Kompressor yağları. Texniki şərtlər” standartı az kükürdlü neftlərdən sulfat turşusu və ya selektiv təmizləməklə alınmış porşenli və rotasiya kompressorları, hava qovucularının yağlanmasında istifadə edilən neft yağlarına şamil edilir.
AZS 390-2010 “Neft yanacağı. Mazut 40” standartı neft emalı məhsulları və qaz kondensat xammalı əsasında alınan nəqliyyat vasitələri, stasionar qazanxanalar və texnoloji qurğular üçün nəzərdə tutulmuş mazuta aid edilir.
AZS 391-2010 “T-1500 markalı transformator yağı. Texniki şərtlər” standartı kükürdlü turşularla və selektiv üsulla təmizlənmiş az kükürdlü neftlər əsasında alınmış və əsas elektroizolyasiya materialı kimi transformatorların, yağ ilə işləyən elektrik açarlarının və başqa yüksək gərginlikli cihazların doldurulması üçün tətbiq edilən transformator yağlarına aiddir.
AZS 393-2010 “Neft məhsulları. Termin və təriflər” standartı neft məhsulları və onların xassələrinə aid əsas anlayışların elm, texnika və istehsalatda tətbiq edilən termin və təriflərini müəyyən edir. Bu standartla müəyyən edilmiş terminlərin bütün növ sənədlərdə, dərs vəsaitlərində, texniki və sorğu ədəbiyyatında tətbiqi məcburidir. Digər hallarda da bu terminlərin tətbiqi tövsiyyə edilir.
AZS 444-2010 “Neft emalı müəssisələri üçün neft. Texniki şərtlər” standartı neft emalı müəssisələri üçün tədarük edilən və emal üçün nəzərdə tutulmuş neftə tətbiq edilir. Standart fiziki-kimyəvi tərkibinə görə unikal neftlərə tətbiq edilmir.
AZS 445-2010 “Turbin yağları. Texniki şərtlər” standartı turboaqreqatların valın yastığı və köməkçi mexanizmlərinin (buxar və qaz turbinləri, turbokompressor maşınları, hidroturbinlər) yağlanmasında turşu-torpaqla təmizlənmiş, həmçinin, bu maşınların təmizləmə sisteminin işləməsi üçün hidravlik maye kimi istifadə edilən turbin yağlarına aid edilir. Standart aşqarlı turbin yağlarına aid edilmir.
AZS 446-2010 “Universal motor yağları və avtomobil karbürator mühərrikləri üçün yağlar. Texniki şərtlər” standartı avtomobillərin karbürator mühərriklərini və avtotraktor dizel mühərriklərini yağlamaq üçün istifadə edilən motor yağlarına və universal yağlara aiddir.
AZS 448-2010 “Sənaye yağları. Texniki şərtlər” standartı iş şəraitində yağların oksidləşmə və korroziyaya qarşı xassələrinə xüsusi tələblər qoyulmayan sənaye avadanlıqlarının maşın və mexanizmlərində istifadə edilən təmizlənmiş distillat və qalıq yağlar və ya onların aşqarsız qarışıqları, eləcə də hidravlik maye və baza yağları kimi tətbiq edilən A yarımqrup sənaye yağlarına aiddir.
AZS 449-2010 “Soyuducu maşınlar üçün yağlar. Texniki şərtlər” standartı ammonyak, karbonat turşusu və freonla işləyən soyuducu maşınların kompressorlarını yağlamaq üçün istifadə edilən yağlara şamil edilir.
AZS 438-2010 “Tikiş-toxuculuq maşınları. Termin və təriflər” standartı tikiş-toxuculuq maşınları sahəsindəki anlayışlara aid olan termin və tərifləri müəyyən edir. Bu standartda müəyyən edilən terminlərin standartlaşdırma üzrə işlərin fəaliyyət sahəsinə daxil olan və bu işlərin nəticələrindən istifadə edilən bütün növ sənədlərdə və ədəbiyyatda tətbiqi məcburidir.
DOSTLARINLA PAYLAŞ: