Azərbaycanda xidməti pasport almaq hüququ olan şəxslərin siyahısı təsdiqləndi (SİYAHI)
04 Mart 2011 Cümə 00:26
Siyahıda dövlət rəsmiləri və bir sıra dövlət qulluqçularının adları var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi və “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 13 iyun tarixli 1053 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 351 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə dövlət başçısı qərara alır ki, “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı” təsdiq edilsin.

Fərmana Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı da əlavə edilib:

1. Azərbaycan Respublikası məhkəmələrinin hakimləri (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan hakimlər istisna olmaqla).

2. Azərbaycan Respublikası dövlət orqanlarının, dövlətə məxsus müəssisə və təşkilatların, həmçinin qeyri-kommersiya qurumlarının aşağıdakı rəhbər işçiləri:
2.1. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri, digər dövlət orqanlarının, dövlətə məxsus müəssisə və təşkilatların, həmçinin qeyri-kommersiya qurumlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan rəhbərləri və həmin qaydada təyin olunan müavinləri (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan şəxslər istisna olmaqla);
2.2. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri;
2.3. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru və onun müavini;
2.4. Heydər Əliyev Mərkəzinin direktoru və onun müavini;
2.5. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan Mərkəzi Seçki Komissiyasının sədri istisna olmaqla), Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri;
2.6. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları;
2.7. Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri;
2.8. Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsmanı);
2.9. Milli Televiziya və Radio Şurasının üzvləri;
2.10. Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvləri;
2.11. Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri;
2.12. yerli icra hakimiyyəti orqanlarının başçıları.

3. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərinin müavinləri, idarə (şöbə, xidmət, bölmə) rəisləri və onların müavinləri, mühafizə zabitləri və onlara bərabər tutulan vəzifəli şəxsləri.

4. Dövlət qulluğunda, o cümlədən dövlət qulluğunun xüsusi növündə çalışan aşağıdakı şəxslər:
4.1. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin diplomatik pasport əldə etmək hüququna malik olmayan əməkdaşları;
4.2. inzibati vəzifələrin birinci-səkkizinci təsnifat vəzifələrində qulluq keçən dövlət qulluqçuları (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan dövlət qulluqçuları istisna olmaqla);
4.3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəhbərlərinin köməkçiləri (müşavirləri), katibliyin, baş idarə, idarə (şöbə, xidmət, hərbi hissə, bölmə, sektor, qrup) rəhbərləri və onların müavinləri, həmin orqanların aparatlarında baş (böyük) və orta rəis heyəti vəzifələrində xidmət edən şəxslər, zabitlər, ali (böyük, orta) xüsusi rütbəsi olan şəxslər, baş məsləhətçilər, böyük məsləhətçilər, aparıcı məsləhətçilər, məsləhətçilər və onlara bərabər tutulan vəzifəli şəxslər;
4.4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin tabeliyində olan orqanların rəhbərləri və onların müavinləri, tabeliyində olan orqanların struktur vahidlərinin rəhbərləri və onların müavinləri;
4.5. Azərbaycan Respublikasının vergilər nazirinin müşaviri (köməkçisi), nazirliyin aparat rəhbəri və onun müavini, baş idarə, idarə (departament, şöbə, bölmə) rəhbərləri və onların müavinləri, nazirliyin aparatında baş və kiçik rəis heyəti vəzifələrində xidmət edən şəxslər, nazirliyin tabeliyində olan orqanların rəhbərləri və onların müavinləri, həmin orqanların struktur vahidlərinin rəhbərləri və onların müavinləri;
4.6. Azərbaycan Respublikasının prokurorluq orqanlarının müstəntiqləri və prokurorları (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan Azərbaycan Respublikasının Baş prokuroru, onun müavinləri və Naxçıvan Muxtar Respublikasının prokuroru istisna olmaqla);
4.7. feldyeger rabitəsi orqanının diplomatik pasport əldə etmək hüququna malik olmayan şəxsi heyətə aid əməkdaşları;
4.8. Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru, sədrin müşaviri, icra aparatının rəhbəri və onun müavini, departament, şöbə və digər struktur vahidlərinin rəhbərləri və onların müavinləri, böyük mütəxəssisləri (böyük məsləhətçiləri), aparıcı mütəxəssisləri (aparıcı məsləhətçiləri), mütəxəssisləri (məsləhətçiləri), kiçik mütəxəssisləri və onlara bərabər tutulan vəzifəli şəxsləri, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin və digər ərazi idarələrinin rəhbərləri və onların müavinləri;
4.9. Azərbaycan Respublikası Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin direktor müavini, icra aparatının rəhbəri və onun müavini, şöbə və digər struktur vahidlərinin rəhbərləri və onların müavinləri, böyük mütəxəssisləri (böyük məsləhətçiləri), aparıcı mütəxəssisləri (aparıcı məsləhətçiləri), mütəxəssisləri (məsləhətçiləri) və onlara bərabər tutulan vəzifəli şəxsləri;
4.10. Azərbaycan Respublikasının xarici ölkələrdəki nümayəndəliklərinin inzibati-texniki işçiləri.

Xidməti pasport almaq hüququ olan digər şəxslər Azərbaycan Respublikasının xarici ölkələrdəki nümayəndəliklərinin inzibati-texniki işçiləri üç aydan artıq xarici ölkələrdə işləyərsə, onların arvadı (əri) və 18 yaşına çatmış əmək qabiliyyəti olmayan uşaqları, eləcə də, beynəlxalq xətlərdə çalışan dəniz və hava gəmiləri, dəmir yolu, avtonəqliyyat işçiləri də xidməti pasport almaq hüququna malikdirlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar